Fədayə Laçının məhkəməsi təxirə salındı


Kriminal 06 May 2019 16:25:00 173 0

Fədayə Laçının məhkəməsi təxirə salındı

Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosedə təqsirləndirilən şəxslər son söz demək üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 20-dək təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdilər.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.