“Güzəştli mənzil” sistemində dəyişikliklər edilib


Digərləri 06 May 2019 13:39:45 244 0

“Güzəştli mənzil” sistemində dəyişikliklər edilib

Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə “Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.

Bakı. Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə “Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib. MİDA-dan Trend-ə verilən məlumata görə, fərmanın icrasını təmin etmək üçün “Güzəştli mənzil” sistemində dəyişikliklər edilib. Agent banklardan güzəştli ipoteka kreditinin verilməsinə dair alınacaq ilkin razılıq qərarının vətəndaşların elektron kabinetlərində yerləşdirilməsi xidməti və gözləmə qaydası ilə mənzil seçimi yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək. MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzildən 430-nu artıq vətəndaşlar əldə edib. Bununla yanaşı, 29 aprel 2019-cu il tarixində həyata keçirilən satış zamanı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə əlavə 154 mənzilin seçimi başa çatdırılıb. Yasamal Yaşayış Kompleksində qalan 1 070 mənzil isə bu ilin sonuna qədər yeni qaydalara uyğun olaraq satışa çıxarılacaq. Həmin mənzillərdən 174-ü 1 otaqlı, 617-si 2 otaqlı, 279-u 3 otaqlıdır. Tezliklə mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək. Agentliyin ikinci layihəsi Hövsan Yaşayış Kompleksi 11 çoxmənzilli yaşayış binasından ibarətdir və 2962 ailəni mənzillə təmin edəcək. Mənzillərdən 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Kompleksdəki yeddimərtəbəli binalardan 6-nın tikinti-quraşdırma işləri başa çatdırılmış, bəzək işlərinə başlanılıb. Paralel olaraq digər yeddimərtəbəli 1 binanın və onmərtəbəli 4 binanın tikintisi də sürətlə davam etdirilir. Kompleksdə tikinti və təmir işləri gələn ilin ilk rübündə yekunlaşdırılaraq mənzillərin satışı barədə elan veriləcək.