Birinci vitseprezidentin köməkçisi: "Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman sahibkarlığın inkişafına və investisiyaların təşviqinə yönəlib"


Siyasət 06 May 2019 11:07:00 269 0

Birinci vitseprezidentin köməkçisi: "Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman sahibkarlığın inkişafına və investisiyaların təşviqinə yönəlib"

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının bir çox hissəsi sahibkarlığın inkişafına, onların maraqlarının qorunmasına və investisiyaların təşviqinə yönəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov Bakıda "Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr" mövzusunda keçirilən konfransda deyib.

G.Kərimov deyib ki, fərmanda Prezident tərəfindən müxtəlif dövlət qurumlarına, təşkilatlara müəyyən tapşırıq və tövsiyələr verilib: "Bu tövsiyələr və tapşırıqlar həmin sahədə müxtəlif qanun, fərman və sərəncam layihələrinin hazırlanması ilə bağlıdır. Fərman bir çox məsələləri əhatə edir. Məhkəməyə müraciət hüququndan başlayaraq məhkəmə qərarlarının icrasının təmin edilməsinə qədər. Ona görə də bu fərmanı strateji sənəd hesab etmək olar".

Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, fərmanda əksini tapan əsas məsələlərdən biri də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtsaslaşmış məhkəmənin yaradılmasının mümkünlüyüdür. Onun sözlərinə görə, bu sahədə ixtisaslamış, hüquq cəmiyyətinin etimadını qazanmış və dərin biliklərə malik olan hakimlərdən ibarət olan məhkəmənin olması bir hüquqi tarazlıq yaradacaq:

"Fərmanda, eyni zamanda süründürməçilik və digər neqativ halların aradan qaldırılması məsələsi də öz əksini tapıb. Bunu təmin etmək üçün hakimlərin müstəqilliyinin təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin işinə müdaxilələrin qarşısının alınması, hakimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi və hüquq pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin labüdlüyü məsələsi də xüsusilə vurğulanıb. Biz bu məsələlərdə bütün biznes və hüquq ictimaiyyətini aktiv olmağa çağırırıq".

G.Kərimov əlavə edib ki, fərmanda, eyni zamanda elektron məhkəmə ilə bağlı məsələlər var: "Fərmanda Ədliyyə Nazirliyinə elektron məhkəmə sistemi ilə bağlı işlərin yekunlaşdırılması və həmin sistem daxilində də müxtəlif meyarlar əsasında və dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsasən qərarların effektiv axtarış sisteminin yaradılması da nəzərdə tutulub. Bu sistemin effektivliyi nəinki məhkəmə sistemi, eləcə də istənilən şəxs üçün məhkəmə qərarlarının şəffaflığı, ardıcıllığı və əlçatanlığını təmin edəcək".