Ağsu aşırımı turizm zonası kimi


Digərləri 06 May 2019 07:14:00 286 0

Ağsu aşırımı turizm zonası kimi

Burada turizm və elmi əhəmiyyətli zonanın yaradılması təklifi maraqla qarşılanıb 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrliyində - yolun Ağsu aşırımı hissəsində turizm və elmi əhəmiyyətli zonanın yaradılması təklifi turizmçilər tərəfindən maraqla qarşılanıb. Ağsu aşırımının turizm zonasına çevrilməsi təklifi ilə çıxış edən və təkliflərini Nazirlər Kabinetinə göndərməyə hazırlaşan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev mətbuata açıqlamasında qeyd edib ki, sürüşmə baxımından olduqca təhlükəli olan Ağsu aşırımındakı avtomobil yolunu indikindən iki dəfə qısa olan Ağsuçay dərəsindən yol çəkməklə əvəz etmək daha məqsədəuyğun olardı. Alim təbii və antropogen amillərin dəniz səviyyəsindən təxminən 900 metrə qədər yüksəklikdə yerləşən 14 km-lik Ağsu aşırımına ciddi təsir etdiyini əsas gətirib. Belə ki, sürüşmələr yolun bu hissəsində kifayət qədər problemlər yaradır: "Bunun nəticəsində nadir ekosistemi - flora və faunası, gözəl təbii mənzərəsi olan Ağsu aşırımı sıradan çıxır. Bu yolu çəkməklə Ağsu aşırımında olan sürüşmə problemini birdəfəlik aradan qaldırmaq olar". Alim qeyd edib ki, Ağsu aşırımında təbiətin müxtəlif geoloji dövrlərinə aid nadir və qədim süxur çıxıntıları var: "Bu süxur çıxıntıları açıldıqdan sonra onların üstü şəffaf örtüklə örtülə bilər. Bununla da bütün dünyada çox yaxşı təcrübə olan elmi-kütləvi bir zona yaratmaq olar. Nəticədə bu unikallığı görmək üçün buraya həm turistlər səfər edə, həm də alimlər elmi-tədqiqat işləri apara bilərlər. Ən əsası, nadir təbiət nümunəmiz qorunar". Ə.Əliyev hesab edir ki, yeni yol çəkilərsə, ilin bütün fəsillərində, xüsusilə də isti aylarda Ağsu aşırımında insanların kütləvi istirahəti üçün zonalar da ayırmaq olar ki, bunun üçün istirahət mərkəzlərində hərəkət edən yüngültutumlu nəqliyyat vasitələrindən istifadə kifayətdir. Alimin fikrincə, Bakı-Şamaxı yolunun da qısaldılması üçün kifayət qədər imkanlar olsa da yolların çəkilişi zamanı bu, nəzərə alınmayıb. Belə ki, müasir üsullardan istifadə etməklə Bakı-Şamaxı yolunun uzunluğunu 20-30 km azaltmaq olar: "Bu isə Bakıdan Şamaxıya avtomobillə maksimum 1 saata getməyə imkan yaradar. Bu, yoldan istifadə edən insanlara rahatlığın yaradılması ilə yanaşı, ekoloji baxımdan da faydalıdır".

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ağsu avtomobil yolunun çəkilməsi ilə bağlı təkliflərini hələ 2017-ci ildə Nazirlər Kabinetinə təqdim edib. Təkliflərdə yeni yolun Ağsu aşırımından keçməməklə, Ağsuçayın kənarı ilə çəkilməsi, eyni zamanda, Muğanlı-İsmayıllı yolunun yenidən inşası məsələsi öz əksini tapıb. Təklif Nazirlər Kabineti tərəfindən qəbul edilib. Dövlət tərəfindən maliyyə vəsaiti ayrılan kimi layihənin icrasına başlanacaq.   Geoloji-landşaft xarakterli təbiət abidəsi   Mütəxəssislər Ağsu aşırımının coğrafi mövqeyinin turizm zonası üçün seçilməsini uyğun hesab edirlər. Böyük Qafqazın cənub ətəklərindəki Ləngəbiz sıra dağlarının orta hissəsində yerləşən ərazidən aydın havada ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır.

Ərazi yarımsəhra, quru bozqır, kolluq və dağ meşə landşaftlarından ibarətdir. İqlimi düzənlik hissədə mülayim-isti və quru subtropikdir. Dağlıq ərazilərdə yay bir qədər sərin, qış isə nisbətən soyuq və quraq keçir. Düzənlik ərazilərdə, əsasən, yovşanlı-şorəngəli yarımsəhra bitkiləri yayılıb. Şahdağ Milli Parkının bir hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət qoruğu) Ağsu rayonu ərazisinə düşür. Dilman şəlaləsi (Dilman kəndi) və Ağsu aşırımı çox gözəl geoloji-landşaft xarakterli təbiət abidələrindən hesab edilir.