Qrup yoldaşı, dost, sevgili və ailə Ailə FOTO


Digərləri 05 May 2019 23:50:00 218 0

Qrup yoldaşı, dost, sevgili və ailə  Ailə  FOTO

Nazim Xəliloğlu: "Səmimi idi, hərəkətləri, jest-mimikaları ilə özünü sevdirməyi bacarırdı"

Yasəmən Quliyeva: "Hara gedirəmsə, deyirəm ki, kaş Nazim yanımda olsun, rahat olum"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Qrup yoldaşı, sonra da dost olublar. Lakin o vaxtlar heç biri sevgili olacaqlarını düşünməyiblər. Zamanla isə isə münasibətlərinin forması dəyişir. Bu gün artıq 5 ildir ki, ailəlidirlər.

Bu dəfə "Ailə" rubrikamızın qonaqları ARB televiziyasının redaktoru Nazim Xəliloğlu və həyat yoldaşı ARB TV "Aranfilm Yaradıcılıq Mərkəzi"ndə ssenari müəllifi kimi çalışan Yasəmən Quliyevadır.

Qrup yoldaşı olublar, bir-birlərini də elə o vaxtdan tanıyırlar. Nazim deyir ki, əvvəllər heç vaxt Yasəmənlə sevgili olacağını düşünməyib: "İkimiz də Mədəniyyət və İncəsənət Universitetinin ssenarist ixtisasında oxuyurduq. İlk vaxtlar heç qrup yoldaşı olaraq da yaxın münasibətimiz olmayıb. Dərsdə ixtisasımıza uyğun olaraq, bizə müxtəlif tapşırıqlar verilirdi, ona uyğun ssenari yazırdıq. Bir dəfə Yasəmən bir yazı yazmışdı, bütün qrupu təəccübləndirmişdi. O vaxt onu bir az kəşf etmiş oldum. Sonra zamanla dostlaşdıq, 2 il dostluq etdikdən sonra da sevgili olduq. Əvvəllər heç sevgili olacağımızı düşünməzdim. Çünki qızlarla görüşə gedəndə geyimimlə bağlı hər şeyin qaydasında olub-olmadığını soruşurdum, o da kömək edirdi. "Saçını belə etsən, daha qəşəng görünərsən" deyirdi. Yəni mənə belə məsləhətlər verən adam idi. Amma dostluğun axırına birinci çıxan da o oldu. Təklifi birinci o vermişdi (Gülür)".

Yasəmən də bu dostluğun sevgiyə çevriləcəyini fikirləşmirmiş. İlk təklifin ondan gəlməsinin səbəbkarı isə Nazimin davranışları olub: "Bir dəfə də Nazim dərs üçün "Badamgöz" adlı hekayə yazmışdı. O yazı ilə də mən onu daha yaxşı tanıdım. Dostlaşdıq, amma sevgili olacağımızı heç düşünmürdüm. Sonra münasibətimiz elə həddə çatmışdı ki, hara getsəm, maraqlanırdı. O vaxt bir-birimizə "dostik" deyirdik. Mənə deyirdi ki, dostik, bu gün hara gedəcəksən? Deyirdim ki, teatra. Teatra gedəndə onu teatrın qarşısında görürdüm. "Nə var, niyə gəlibsən?"  kimi sual beynimdə olurdu. 3 dəfə, 5 dəfə, axırda düşündüm ki, bu, niyə belə edir? Mən də hisslərimi gizlədən deyiləm. Hardasa, 3-cü kursun sonu idi, dedim ki, nə məsələdir, dostsan, bilim dostuq, sevgilimsən, bilim sevgilimsən... O da fikrini dedi (gülür)".

Nazim deyir ki, Yasəmən tələbə vaxtı ona dadlı kekslər bişirib gətirirmiş, amma evlənəndən sonra onu görməyib: "Deməli, dost olduğumuz vaxtlarda tez-tez yumru kekslər bişirib gətirirdi, "özüm bişirmişəm, evdə yeyərsən" deyirdi. Çox dadlı olurdu, xoşuma gəlirdi. Yasəmənə qarşı fikrimin dəyişməsində o kekslər də rol oynamışdı, amma evlənəndən sonra o keksləri görmürəm. Oğlanlara məsləhət görürəm ki, belə şeylərə aldanmasınlar (gülür).

"Qazandığım pullar xonçalara gedirdi"

Universiteti bitirəndən sonra Nazim hərbi xidmətə gedir, qayıtdıqdan sonra nişanlanırlar. 3 il nişanlı qalırlar. Azərbaycanda ailələr uzun müddət nişanlı qalmağı məsləhət görmürlər. Bu mövzuda Nazimin də ürəyi dolu idi: "Dalaşa-dalaşa keçirdik (gülür). Maksimum dərəcədə az nişanlı qalmaq lazımdır. Qazandığım pullar xonçalara gedirdi. Çox bərbad adətdir. Heç Yasəmənin valideynləri xonça aparmağımızı istəmirdilər, amma böyüklərimiz deyirdilər ki, yaxşı deyil, aparmalıyıq".

Yasəmən isə sevgililik müddətinin çox olmasının tərəfdarıdır: "Nişanlılıq müddəti odur ki, cütlüklər bir-birini daha yaxşı tanısın. Amma bizdə nişan qaytarılırsa, bu, faciə kimi qəbul edilir. Ona görə, tez nişanlanmaqdansa, sevgili müddətini çox saxlamaq yaxşıdır".

"Yeməyimi yedimsə, divanda uzanmalıyam"

Evləndikdən sonra Yasəməni Nazimlə bağlı təəccübləndirən məqamlar olub: "Düzdür, çox şey təsəvvürümdə olduğu kimi qaldı, amma bəzi xüsusiyyətləri məni qıcıqlandırırdı. Məsələn, işdən ondan bir saat gec gəlirdimsə, otağa girəndə görürdüm ki, stolun üstündə 6-7 fincan var. Birinci dəfə elə bildim ki, qonaq gəlib. Sonra məlum oldu ki, hər dəfə çay içəndə başqa fincan götürür. "Birinci içdiyin fincanı yaxala, sonra yenə onda iç" deyirdim. Deyirdi ki, belə öyrəşmişəm. Corabın bir tayı bir otaqda olurdu, o biri tayı başqa otaqda. İndi bir az düzəlib".

Nazim deyir ki, ana rahatlığına öyrəşən adam olduğu üçün o, belə şeyləri qəbul edə bilmirmiş: "Axı analar oğlanlarına baxdığı kimi, həyat yoldaşları onlara baxmır (gülür). Yemək yeyəndən sonra boşqabı aparıb mətbəxə qoymaq nədir? Yeməyimi yedimsə, divanda uzanmalıyam. Mamam yığışdırırdı. Sonra artıq gördüm ki, iki nəfərlik həyat başqadır, müəyyən qədər o komfortdan əl çəkməlisən".

Evləndikdən sonra isə Nazim həyat yoldaşının necə qayğıkeş olduğunu görüb: "Bir müəllimimiz var idi, həmişə deyirdi ki, eyni yaşda olan qızla oğlan arasında 10 yaş fərq olur. Bizim də bir yaş fərqimiz var. Evləndikdən sonra gördüm ki, o, məndən bir neçə yaş böyükdür. Bəzən mübahisəli məqam olurdu, inciyirdi, amma mən "haqlıyam" deyib dirəşirdim. Müəyyən zaman keçdikdən sonra haqsız olduğumu başa düşürdüm. Ailənin nə demək olduğunu dərk etmək üçün mənə bir müddət vaxt lazım oldu, ancaq o, artıq dərk etmişdi".

"Mənə indiyə kimi "bunu geyinmə" deməyib"

"Ailədə biri od olanda biri su olmalıdır" deyirlər. Yasəmən bildirdi ki, əvvəllər ikisi də od olublar, indi ikisi də sudur: "İkimiz də od idik, sonra gördük ki, iki odla heç nə etmək olmur və ikimiz də su olduq. Artıq hadisələrə yanaşmamız dəyişib. Əvvəllər problem etdiyimiz nüanslara indi başqa cür baxırıq. Hətta küsəndə bəzən Nazimin səhvi olsa belə, barışmaq üçün mən addım atmışam, o isə hərəkətindən utanıb".

Bir-birini bəyənməklərinə səbəb olan xüsusiyyətlərə gəlincə, Nazim, xanımının səmimiliyini daha çox sevib: "Səmimi idi, hərəkətləri, jest-mimikaları ilə özünü sevdirməyi bacarırdı. Kişilər elə şeylərə bir az uyumlu olur. Çəkiciliyi var. Sonra artıq digər xüsusiyyətlərini kəşf etməyə başladım. Çox vaxt "sevmək, sevmək" deyirlər, amma mənə elə gəlir ki, biz Yasəmənlə bir-birimizi sevməmişik. Sevmək ailə qurmaq üçün kifayət deyil. Ailə üçün daha köklü xüsusiyyətlər lazımdır. Ömrünün sonuna qədər bir adamla yola çıxmaq asan deyil. Mən Yasəməndə o yolu davam etdirmək üçün lazım olan xüsusiyyətləri gördüm, bəyəndim".


Xəbərə aid fotolar