Şərqin son Fatehi Nadir şahın donanma arzusu


Digərləri 05 May 2019 22:44:00 293 0

Şərqin son Fatehi Nadir şahın donanma arzusu

Son.az bildirir ki, Şərqin son Fatehi adlandırılan Nadir şah Xəzər dənizində hərbi donanma yaratmaq arzusunda idi. Azərbaycan tarixinin bu həqiqətləri barədə məlumatı "ölkə.az"a tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova verib.

XVII əsrin son rübü və XVIII əsrin əvvəllərində Səfəvi dövləti ağır tənəzzül dövrü yaşayırdı. Hakimiyyətin səriştəsizliyi ucbatından dövlətdə sosial-iqtisadi və siyasi vəziyyət kəskinləşmişdi. Səfəvilərin son dövrünü səciyyələndirərkən britaniyalı tədqiqatçı C.Malkolm belə yazır: "Biz bundan daha təlatümlü, daha təlaşlı dövrü çətin ki təsəvvür edə bilərik". Səfəvilər dövlətində mərkəzi hakimiyyətin zəifləməsi onun öz sərhədləri daxilində mövcud durumu son dərəcə gərginləşdirmiş, bütün ölkəni xalq etirazları və üsyanlar dalğası bürümüşdü. Bu dövrdə Qəndəhar əyalətində yaşayan gilzay tayfasının üsyanı müstəqil Əfqan xanlığının meydana gəlməsinə səbəb oldu. Səfəvi dövlətinin hərbi-siyasi zəifliyindən istifadə edən əfqan silahlı dəstələrinin başçısı Mir Mahmud Hotaki Xorasanı işğal edib, paytaxt İsfahana hərbi yürüş etdi. Mühasirə səkkiz ay davam etdi və 1722-ci il oktyabr ayının 23-də Səfəvi dövlətinin paytaxtı İsfahan əfqan Mir Mah¬mud tərəfindən tutuldu. Mir Mahmud Səfəvi şahı Sultan Hüseyni taxtdan salaraqözünü şah elan etdi.

Qəndəharda gilzay tayfasının üsyanı və bu üsyanın ardınca başlamış daxili çaxnaşmalar nəticəsində xeyli zəifləmiş Səfəvi dövlətinin müqavimət göstərəcək gücünün olmamasından istifadə edən Rusiya və Osmanlı dövlətləri Cənubi Qafqazda daha fəal siyasət yeritməyə başladılar. İlk hərbi təcavüz bu məqamadək Səfəvi dövləti ilə hərbi münaqişələrə cəlb olunmamış Rusiya tərəfindən baş verdi. I Pyotr Xəzər dənizini "Rusiyanın daxili dənizi"nə çevirməklə Şərqlə Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağaçalışırdı. I Pyotrun Xəzəryanı bölgəyə hərbi yürüşü (1722-1723), xüsusilə də Xəzəryanı bölgələri işğal etmək siyasəti Osmanlı imperiyasının maraqları ilə toqquşurdu. Rusiya Xəzəryanı vilayətləri ələ keçirən zaman Osmanlı qoşunu Cənubi Qafqazın digər torpaqlarının da rusların əlinə keçməsinin qarşısını almaq qərarına gəldi. Bütün qüvvələrini səfərbər edən imperiya 1723-cü ilin aprel ayında Səfəvi dövlətinə müharibə elan etdi və Azərbaycana öz qoşununu yeritdi.

Zəifləmiş Səfəvi dövlətinə hücumlar təşkil edən xarici dövlətlər onu asanlıqla zəbt edəcəklərinə ümid bəsləsələr də, bu baş vermədi. Əfqan, Osmanlı və Rus işğallarının ağır nəticələri türk mənşəli Əfşarlar soyundan olan bacarıqlı sərkərdə Nadirin rəhbərliyi altında istilaçılara qarşı azadlıq mübarizəsinin yüksəlişi üçün əlverişli şərait yaratdı (qeyd: Əfşar tayfasının türk mənşəli olduğunu bir çox yazılı mənbələr, o cümlədən Mahmud Qaşğari (XI əsr) təsdiq edir:"Əfşarlar türk-oğuz boylarından biridir. Oğuzlar 22 boydan ibarət olan türkmanlar idilər. Əfşar tayfası bu türkmanlar silsiləsinin altıncı sırasında xatırlanır". Əli Əkbər Dehxodanınyazdığına görə, "Əfşarlar əsil-nəcabətli türk qəbilələrindən biridir"). Beləliklə, 1729-cu ilin sonunda Nadir əfqanları Səfəvi dövlətinin ərazisindən qovdu və şah II Təhmasibin simasında bu dövləti bərpa etdi. Artıq bundan sonra rusların və osmanlıların Azərbaycandan və bəzi qonşu ərazilərdən çıxarılması məsələsi aktuallaşdı. 1730-cu ildə Nadir osmanlıların işğal etdiyi bütün Qərbi İranı və Azərbaycanın böyük bir hissəsini, o cümlədən həmin ilin avqust ayında rusların yardımı ilə Ərdəbili azad edə bildi. Vəziyyəti belə görən Rusiya danışıqları bərpa etməyi qərara aldı və 1732-ci il fevral ayının 1-də "Rəşt" və 1735-ci il mart ayının 10-da "Gəncə" sülh müqavilələrinin imzalanması ilə işğal etdiyi bütün əraziləri qaytarmağa razılıq verdi. Uzunmüddətli hərbi fəaliyyət və danışıqlardan sonra Osmanlı dövləti də bütün işğal etdiyi Səfəvi torpaqlarının qaytarılmasına razı oldu. Danışıqlar nəticəsində 1639-cu ildə bağlanmış "Qəsri-Şirin" müqaviləsi ilə müəyyən edilmiş sərhədlərin bərpası haqqında razılıq əldə olundu. Bu müqaviləyə əsasən bütün Azərbaycan, müasir Gürcüstanın şərq qismi, Diyarbəkir və Mosul vilayətləri, habelə Nəcəf və Kərbəla şəhərləri Səfəvi dövlətinə keçirdi. Cənubi Qafqazın qərb vilayətləri və Bağdad şəhəri Osmanlı imperiyası tərkibində qalırdı. [15, 142] 1736-cı ilin sentyabr ayında tərəflər "Kürdan" sülh müqaviləsinin bağlanması haqqında razılığa gəldilər.

Əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya dövlətləri tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir Səfəvilər dövlətində naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək və özünü şah elan etmək üçün Nadir 1736-cı ilin mart ayında Muğan düzündə, Kürlə Arazın qovuşduğu yerdə (Suqovuşan, mənbələrdə Böyük Gənəşmə) qurultay çağırdı. Qurultayda taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzun sürən müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular. Bununlada Səfəvi sülaləsinin hakimiyyəti (1501-1736) sona çatdı.

Nadir şah Əfşar sözün həqiqi mənasında fenomenal hərbi dühası və siyasi bəsirəti olan xadim olmuşdur. O öz dövlətinin Xəzər dənizində hərbi cəhətdən möhkəmlənməsi, dəniz nəqliyyatından gəlir əldə olunması üçün hərbi dəniz donanmasının yaradılması zərurətini gözəl anlayırdı. İngilis C.Elton məktublarından birində qeyd edirdi ki, o, Xəzər donanmasının yaradılmasında marağı olan Nadir şaha öz xidmətlərini təklif etmiş¬di. Tanınmış iranşünas alim M.Dürand C.Eltonun fəaliyyətini bu cür səciyyələndirir: "Elton Nadirə xidmət edərkən... gəmilərdən ibarət olan eskadra¬nın tikintisi üzrə işlərə nəzarət edirdi... Onun məqsədi Xəzəri İran gölünə çevirmək idi". İngilis tədqiqatçı G.Kerzonun fikrincə, Nadir Xəzərdə öz donanmasını yaratmaqla göstərilən məqsədləri güdürdü: türkmən dəniz quldurlarının onun imperiyasının şərq sahillərinə daimi basqınlarını əngəlləmək; dənizin qərb sahillərində dağlı tayfalarını cəzalandırmaq və itaətə gətirmək; Həştərxanla ticarətdə inhisarçı mövqeyi öz əlinə almaq. Ingilis tədqiqatçı P. Sayksqeyd edirdi ki, Nadir şahın dağlılara qarşı hərbi əməliy¬yatlar gedişində öz qoşunlarını ərzaqla təmin etmək üçün donanma yaratmaq zərurətindən başqa, Xəzər dənizi vasitəsilə ticarəti və hakimiyyəti bölüşdürmək istəyi də vardı. Qeyd edilməlidir ki, Nadir şah Rusiya imperiyasının Xəzər dənizindəki ticarət inhisarından narazı idi. O, Xəzər dənizinin strateji əhə¬miyyətini çox gözəl anlayır, hərbi-siyasi və iqtisadi cəhətdən uzağa hədəflənmiş məqsədlər güdürdü. Ən başlıcası isə onun bu tədbiri bölgədə öz hakimiyyətinin daha da möhkəmlənməsinə hesablanmışdı. Həmin dövrdə Xəzər dənizində hərbi-dəniz donanmasına malik olan yeganə dövlət Rusiya idi. Bölgədə möhkəmlənməyə can atan I Pyotr Xəzər dənizində güclü donanma yaratmışdı. Başlıca gəmi növləri iki və ya üç göyərtəli gəmilər (40-100 toplu), freqatlar (30-dək top), pinklər (iki və ya üçdorlu yelkənli gəmilər), hekbotlar (üçdorlu yük gəmiləri), qukarlar (korvet növlü), şnyavlar (18 toplu) idi. Bunlardan əsasən kəşfiyyat məqsədilə istifadə edilirdi. Qalera (avarlı) donanması qaleralardan, skampaveyalardan (qaleradan kiçik yelkənli-avarlı, burun hissəsində 1 iriçaplı və bir neçə kiçik çaplı topu olan gəmi) və digər kiçik gəmilərdən ibarət idi. I Pyotrun vəfatı ərəfəsində Rusiya imperiyası Xəzər dənizində təqribən 100-dək gəmiyə malik idi. Tarixçi S.Aşurbəyli doğru olaraq göstərmişdir ki, "Çar hökuməti yerli gəmiçiliyin inkişafının qarşısının alınması üçün bütün tədbirləri həyata keçirirdi". 

Məsələn, Rusiyanın hakim dairələri buraya ayrı-ayrı məhsul növlərinin, o cümlədən silah, barıt, qurğuşun, kükürd, şoran və hərbi təchizat üçün zəruri olan digər şeylərin, gəmi hazırlanması üçün ağac məmulatlarının və gəmi ləvazimatlarının, qiymətli metalların idxalını qadağan etmişdilər. Belə bir siyasət müdafiə qurğularının, gəmi istehsalının, qoşunların silahlandırılmasının, istehsal vasitələri hazırlanmasının inkişafına mane olmağa yönəldilmişdi. Rusiya hakimiyyəti əmin idi ki, əks siyasət Rusiyanın həm iqtisadi, həm siyasi, başlıcası isə geosiyasi maraqlarına zərər yetirə bilər. Xəzər hövzəsində "heç bir dövlətin möhkəmlənməsinə yol verməmək" Rusiyanın maraqlarının əsasını təşkil edirdi. Xəzər dənizində donanma yaradılmasına hər cür əngəllər yaratmaqla Rusiya hökumətin başlıca məqsədi istilalar zamanı heç bir dövlətin ona mane olmaq iqtidarında olmaması idi. C.Elton da bu mətləbi məktublarından birində üzə çıxarmışdır: "Gələcəkdə İran donanması Xəzər dənizinin sahili boyunca yerləşən İranın şimal əyalətlərinə müəyyən bir qəsd olacağı halda, Rusiya silahına da əngəl törədə bilərdi". Nadirin əsas məqsədi Xəzərdə məhz hərbi üstünlüyə nail olmaq idi. Böyük sərkərdə Nadir şah Əfşar Xəzər dənizində hökmran mövqe qazanmağın vacib strateji əhəmiyyətini gözəl anlayırdı. O, bu istəyinə nail olmaqla öncə öz dövlətinin şimal sərhədlərinin təhlükəsizliyini təmin edə, ikincisi, bölgədə müharibə baş verəcəyi halda öz qoşunlarının ərzaq və sursatla təchizatı problemini həll edə bilərdi. Fikrimizcə, iqtisadi mənafelər Nadiri daha az düşündürürdü. Onun əsas niyyəti Rusiya imperiyasının bölgədəki mövqeyini zəiflətmək idi. İngilis tədqiqatçı A.Bausani qeyd edir ki, "Nadir şah hərbi dəniz donanmasının zərurətini dərk etmiş ilk İran hökmdarı idi". Britaniyalı tədqiqatçı L.Lokkarta görə, Nadir Xəzər dənizində hərbi donanma yaratmaq fikrinə Fars körfəzində belə bir işi gördükdən (1742-ci ildə) sonra düşmüşdü. Amerikalı tədqiqatçı V.Flur isə belə bir fikir bildirir ki, Xəzər dənizində öz donanmasının yaradılması zərurətini Nadir 1734-cü ildə Gəncənin mühasirəsi zamanı (Fars körfəzində donama yaradılmasından öncə) fikirləşmişdi. Qeyd etməliyik ki, həmin dövrdə Nadir şah öz qoşunlarının kifayət qədər ərzaq təchizatına xüsusi ehtiyac duyurdu. Buna görə də o, yardım üçün Dərbənddəki Rusiya komandanlığına müraciət etmişdi. Hadisələrin sonrakı inkişafı Nadirin diqqətini yayındırdı. V.Flurun qeyd etdiyi kimi, 1738-ci ilin əvvəlində onun Məhəmməd Hüseyn xanı qapotan başi (Xəzər dənizinin admiralı) təyin etməsi faktından biz belə bir nəticə əldə edə bilərik ki, Nadir şah Xəzər dənizində hərbi donanmaya malik olmanın zərurətini və mənfəətini yaxşı dərk edirdi. Güman etmək olar ki, burada Nadir şahın sonralar, 1743-cü ildə Qarmistrin sərdarı təyin etdiyi Məhəmməd Hüseyn xan Qırxlıdan bəhs olunur. 

Qeyd:MəhəmədHüseyn xanı qapotan başi təyin edəndə Nadirin dəniz rütbələrindən az məlumatı var idi və o zaman hələ ingilislərlə əlaqə yox idi, onun üçün ruslardan eşitdikləri ifadələrdən (qapotan rusca kapitan deməkdir) istifadə edilirdi). Nadir Fars körfəzində öz donanmasını yaratmazdan və C.Eltonun gəlişindən xeyli öncə Xəzər dənizində hərbi-dəniz ehtiyacları haqqında aydın təsəvvürlərə malik idi.

Şimali Azərbaycanda üsyanları yatırarkən ərzaq təchizatı baxımından böyük çətinliklərlə üzləşmiş Nadir şah Xəzər dənizində hərbi donanmaya malik olmaq zərurətinə bir daha əmin oldu. L.Lokkartın göstərdiyi kimi, böyük hissəsi meşələrdən, dağ və qayalardan ibarət olan bu bölgədə hərbi əməliyyatlar gedişində bu cür nəhəng ordunun təchizatı son dərəcədə mürəkkəb idi. Qonşu Şirvan əyalətindən kifayət qədər ərzaq gətirmək mümkün olmurdu. Belə ki, həmin əyalət tez-tez basqınlara məruz qalır, viran edilirdi. Yeganə çıxış yolu isə ərzağın dəniz vasitəsilə çatdırılması idi. Nadirin sərəncamında olan bir neçə gəmi kiçik və quruluşuna görə bəsit idi (qeyd: yerli sakinlərin malik olduqları gəmilərin çoxunu rus fərariləri inşa etmişdilər. Bu bölgəyə 25 il öncə baş çəkmiş səyyah Con Bell qeyd edirdi ki, "Xəzərdə gəmiçilik müstəsna olaraq ruslara məxsus idi, iranlıların və digər sakinlərin balıqçı qayıqlarından başqa heç bir şeyləri yox idi"). Nadir şah Əfşar öz ordusunun dənizlə ərzaq təchizatında rus gəmi daşınmalarından tam asılı idi. Bu asılılıqdan yararlanan Rusiya tacirləri yaxşı qazanc əldə edirdilər. Rus tarixçisi P. Butkov göstərir ki, "Rusiya hökuməti yalnız rus tacirlərinə Xəzər dənizindəki Əfşar dövlətinin limanlarına ərzaq göndərmək icazəsi verirdi". 

1741-ci ildə Nadir şah 10 rus gəmisinin icarəyə götürülməsi haqqında razılığa gəlmək üçünRusiyanın Əfşar dövlətində rezidenti(qeyd:rezident səfir rütbəsindən bir pillə aşağı rütbədir) İ.Kaluşkinə (1735-1742)müraciət etdi. Nadir şah bu gəmilərdən bir qismini Dağıstan üsyançılarına qarşı hərbi əməliyyatlarda istifadə etmək, digər qismini isə Həştərxandan ərzaq nəql etmək məqsədilə nəzərdə tutmuşdu. İ.Kaluşkin bu xahişi Sankt-Peterburqa çatdırdı. Lakin o, hökuməti xəbərdar etdi ki, Nadir şah bu gəmiləri əldə edəcəyi təqdirdə onları heç zaman geri qaytarmayacaq, çünki öz donanmasını yaratmaq arzusundadır. İ.Kaluşkinin bu xəbərdarlığı Rusiya hökumətini şahın xahişini yerinə yetirməkdən imtinaya təhrik etdi. Lakin Nadir öz məramından əl çəkmədi. Tezliklə o, ingilis ticarət agenti C. Eltonun yardımı ilə Xəzər dənizində öz donanmasının özəyini yaratmağa nail oldu. 1742-ci ilin yayında ingilislər Nadir şaha Xəzər dənizi boyunca ərzağın cənubdan şimala doğru daşınması üçün öz gəmilərini təklif etdilər vəNadir bu təklifdən bəhrələndi. L.Lokkart yazır ki, "İngilis əmtəələrindən ibarət olan gəminin yükü Ənzəlidə boşaldıldıqdan sonra o, İranda yerləşdirilmək üçün İran hökumətinin xidmətinə keçdi və 1742-ci ildə Dərbəndə düyü daşınmasında ondan iki dəfə istifadə edildi. Həmin Britaniya gəmisindən düyünün nəql olunması üçün istifadə etmiş Nadir özünün Dağıstandakı qoşunlarının dəniz vasitəsilə ərzaqla təchizatı sahəsində rus tacirlərinin yaratdıqları inhisarçılıq zəncirini müəyyən dərəcədə qıra bildi". İ.Kaluşkinin ifadələrindən görünür ki, "böyük qəsbkar" Dağıstan üsyançılarına qarşı hərbi əməliyyatlara başlayarkən ilk növbədə Rusiyaya və onun cənub-şərq ərazilərinə münasibətdə iddialı məqsədlər güdürdü. 

İlk gəmiqayırma tərsanəsinin özülü Ləngərudda (Gilan əyalətində) qoyuldu. Azərbaycanlı tədqiqatçı L.Yunusova bu faktı onunla izah edir ki, Abşeronda bu sahənin inkişafı üçün zəruri olan meşə materialı yox idi. Lakin o eyni zamanda qeyd edir ki, inşaatçılar Bakıda da yeni gəmiqayırma tərsanəsinin tikilməsini planlaşdırmışdılar. Bu məqsədlə ətraf kəndlərdən yüzlərlə kəndlini qovub gətirməklə onları gəmiqayırma işlərinə cəlb etmişdilər. İngilislər Gilandan meşə materialı, Mazandarandan isə dəmir nəql etməklə Ləngərudda tərsanə tikdilər. Beləliklə, onlar Nadir şah Əfşar dövlətinin ərazisində gəmiqayırma ideyasını gerçəkliyə çevirdilər və geniş miqyasda onun təşkilinə nail oldular.