Bir az da sevgi qatıram... Peşə FOTO


Kriminal 05 May 2019 22:40:00 353 0

Bir az da sevgi qatıram...  Peşə  FOTO

Nigar Talıbzadə: "Qadın istəsə, işini də görər, yeməyini bişirib uşaqlarına da baxar, pul da qazanar" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Seçdiyi rənglər, güllər, vurduğu naxışlarla səbətlərə gözəllik verir. Xonçalar düzəldir, konfetlərə bəzək vurur, zövq oxşayan körpə səbətləri hazırlayır. Deyir ki, şairə ilham gələndə şeir yazırsa, ona da ilham gələndə səbət düzəldir. Bu onun üçün yalnız gəlir mənbəyi deyil, həm də zövqdür.

Müsahibimiz rəssam-dizayner Nigar Talıbzadədir.

Lənkəranda anadan olub. Orta məktəbi doğulduğu şəhərdə bitirdikdən sonra Xarici Dillər Universitetinin Filologiya fakültəsində təhsil alıb. Birinci kursda ailə qurduğu üçün öz ixtisası üzrə işləməyib. Hazırda uşaqlıqdan hobbi kimi məşğul olduğu sahəni inkişaf etdirib, evdar xanım olsa da, öz işini qurub və biznesini genişləndirməkdə davam edir.   "Qayınanam və baldızlarım mənə təkan verdi"   Nigar deyir ki, hələ məktəbdə oxuyarkən bəzək-düzək işlərinə ilk onu çağırırmışlar: "Uşaqlıqdan rəsmə, bəzək-düzək işlərinə marağım var idi. Atam özü müəllim olduğu üçün mənim də ali təhsil almağımı və ingilis dili müəllimi olmağımı istəyirdi. Məhz atamın istədiyinə görə, o sahəyə yönəldim. Hazırda filoloqam. Həm tərcüməçi, həm də müəllim kimi fəaliyyət göstərə bilərəm. Dizaynerlik isə mənə xoşbəxtlik verən, zövq aldığım sahə idi. Hələ məktəb illərindən bayramlarda nəyisə düzəltmək, bəzəmək işi olanda ilk olaraq məni çağırırdılar. Rəssamlıq qabiliyyətim də yaxşı idi. Məktəb yaşlarımda mütəmadi olaraq şəkil çəkirdim. Amma rəssamlıqla bağlı təhsilə o qədər də ciddi yanaşmırdım. Ailədə də rəssam olmağımı istəmirdilər. Şəkil çəkmək qabiliyyətimin olması işimin öhdəsindən gəlməyimə kömək oldu. Nə vaxtsa bu işə yiyələnəcəyimə əmin idim. Ailə qurduqdan sonra qayınanam və baldızlarım mənə təkan verdilər. Onların "Nigar, sən bu işə başlamalısan", "Biz bu həvəsi səndə görürük" kimi fikirləri ən böyük motivasiyam oldu və başladım".    Nigarın ilk sifarişi ona uğur gətirib: "İlk sifarişimi unutmuram. Bir ginekoloqun ad günü idi. Ona şəkillərlə birlikdə gül hazırlamalı idim. Nəvələri ilə birlikdə şəklini güllərlə bəzəyib ona hədiyyə etdim. İşimin bəyənildiyini gördükdən sonra özümə inamım artdı və əlavə sifarişlər götürməyə başladım".

"Mən o çətinlikləri də sevirəm"   İşinin xüsusiyyətlərindən danışan həmsöhbətimiz deyir ki, diqqət etdiyi ilk nüans göz yorulmasının qarşısını almaqdır: "İş görərkən çalışıram ki, fərqli bəzəklərdən istifadə edim. Yəni hər gülü ayrı-ayrı formalarda bəzəyirəm. Rənglər və naxışlar eyni olanda, səbətlərin gözəlliyi nəzərə çarpmır, ən əsası, göz yorulur.

Düzdür, eyni rənglərdən istifadə etmək daha rahatdır, amma asana qaçıb göz yormaqdansa, çətinlik çəkib zövqlü iş ortaya qoymağa üstünlük verirəm. Səbətlərimin formaları ilə bağlı ideyaları ancaq gecə düşünə bilirəm. Mənim ilhamım gecələr gəlir. İşlərimi hisslərimlə edirəm. Özümü məcbur edib, iş görə bilmirəm. İlk olaraq rəngləri seçir, lentlərlə güllərin harmoniyasına diqqət edirəm. Ən əsası, işimə sevgi qatıram. Bir işin üzərində o qədər həvəslə işləyirəm ki... Əl işim istədiyim kimi alındıqda, keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Asan iş deyil, bunun çətinlikləri çoxdur. Amma mən o çətinlikləri də sevirəm".

"Yapışqan barmağımı yandırıb"   Nərgizin ilhamı gecə gəldiyi üçün yuxusuzluqla mübarizə aparmalı olur. Deyir, işini o qədər sevir ki, heç bir çətinlik gözünə görünmür: "Əgər işini həvəslə və sevə-sevə görürsənsə, heç bir çətinlikdən söhbət gedə bilməz. Bəzək işi səbr tələb edir. Səbrsiz oldunsa, əhvalın da dəyişir və əhvalının dəyişməsi işinin keyfiyyətinə zərbə vurur. Ən çox mübarizə apardığım nüanslar yuxusuzluq və yapışqanla işləməkdir. Dəfələrlə yapışqan barmağımı yandırıb və mən o barmaqla işləməyə davam etmişəm. Elə olur ki, elədiyim iş alınmır. Yapışqan səhv yerə vurulur, lentim xarab olur. Bunlar işimi çətinləşdirir. Amma səbrli olduqdan sonra işinin öhdəsindən gəlmək olur. İnsanlar adətən, deyirlər ki, kiminsə sifarişləri bol olursa, kefdədir, yaxşı pul qazanır. Amma pul qazanmaq asan deyil. Onun arxasında yuxusuz gecələr, zəhmət dayanır".


Xəbərə aid fotolar