Qapıçı kimi işə başladı, indi Türkiyənin məşhur otelinin baş meneceridir FOTO


Digərləri 05 May 2019 22:10:00 213 0

Qapıçı kimi işə başladı, indi Türkiyənin məşhur otelinin baş meneceridir  FOTO

Hüseyn Atakişiyev: "İnsanlara vəzifənin gücü ilə deyil, bilik və ağılla qalib gəlmək lazımdır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, insan vəzifə yüksəlişi ilə bağlı iddialı ola bilər, amma hələ bu, yetərli deyil. Gərək həm də bunun üçün çalışasan, özünü inkişaf etdirəsən. Bu yanaşmaya elə öz təcrübəsi çox yaxşı nümunədir. Müsahibimiz Egey dənizi sahilində yerləşən kurort hotel "Six Senses Kaplankaya"nın baş meneceri olan azərbaycanlı Hüseyn Atakişiyevdir.

- Əvvəllər otel sektorunda çalışanların çoxu bir növ təsadüf nəticəsində bu sektora gəlirdilər. Sizdə necə olub, bu sektoru istəyib gəlmisiniz, yoxsa təsadüfən belə alınıb?

- Mən ilk olaraq o vaxtkı Bakı Sovet Ticarət Texnikumunda ticarətdə menecment üzrə təhsil almışam, oranı qırmızı diplomla bitirmişdim. Bir təsadüf nəticəsində otel sektoruna düşdüm. Texnikumu bitirəndən sonra ingilis dili kursuna gedirdim. Kursdakı yoldaşlardan biri dedi ki, oxuduğu universitetə amerikanlar gəlib, Bakıda "Hyatt" oteli açırlar, tələbələri iş müsahibəsinə dəvət edirlər. Dedi ki, istəsən gəl gedək. Dedim ki, mənim ingilis dilim zəifdir. Çünki məktəbdə alman dili keçmişdik, ingilis dilini də kursda öyrənirdim. Nə isə getdik və məni qapıçı kimi işə götürdülər. Karyeram oteldə qapıçı kimi başlayıb. "Hyatt" otelinin Bakıxanov küçəsinə açılan taxta qapısı var, oranın birinci qapıçısı mən olmuşam.

Bu sektoru istəməyimə gəlincə, əslində, hələ əvvəllər jurnalist olmaq, şərqşünaslıq üzrə təhsil almaq fikrim var idi, amma zaman keçdikcə fikrim dəyişdi, otel sektorunda işləməyə başladıqda özümü rahat hiss etdiyimə görə fikirləşdim ki, karyeramı bu sahə üzrə davam etdirəcəm.

- İngilis dili filologiyası üzrə təhsil almısınız. Oteldə işləməyə başlayandan sonra universitetə qəbul oldunuz?

- Bəli, işləyə-işləyə təhsil aldım. Mən universiteti bitirəndə 27 yaşım var idi. Düzü, işlədiyim üçün qiyabi təhsil almaq istəyirdim, amma ilk yerlərdə əyani ixtisaslar da yazmışdım. Yüksək bal topladığım üçün əyaniyə düşdüm. Artıq məcburən gecələri işləyib gündüzləri oxudum.

- Yəqin ki işləyə-işləyə təhsil almaq heç də asan olmayıb...

- Bəli çox çətin idi. Səhər dərsə gedirdim, sonra gəlib evdə yatırdım, oyanıb dərslərimi hazırlayıb dəftər-kitabı götürüb işə gedirdim, gecə işləyirdim, səhər də birbaşa universitetə gedirdim. Vaxt baxımından həqiqətən çox çətin idi, amma ingilis dili üzrə təhsil almaq cəhətdən mənə köməyi çox dəyirdi. Oteldə işlədiyim üçün ingilis dilim oturmuşdu. Qrup yoldaşlarım ingilis dilini danışmağı öyrənirdisə, mən ingiliscə səlis danışırdım.

- Maraqlıdır, oxuduğunuz müddətdə karyerada irəliləmə getdi?

- Bəli, gecə resepşnı işlədim, sonra supervayzer, ardınca gecə meneceri oldum.

- Qapıçı kimi işə düzələnlərin illərlə eyni vəzifədə qalanları da az olmur. Sizdə bu irəliləyiş necə getdi?

- Qapıda dayanmaq heç də asan deyildi, çünki oteli amerikanlar idarə edirdilər, onlarda isə işdə çox ciddi nizam-intizam olurdu. İş vaxtı iş yoldaşlarınla danışmaq olmazdı, qamətini düz saxlamlıydın və s. Bir növ yay-qış 8 saat ayaq üstdə əsgər kimi dururduq. Qapıda duran zaman mənə resepşn işi maraqlı gəlirdi. Deyirdim ki bir gün mən də ora keçmək istəyirəm. Biri var deyəsən ki, mən bir gün orda olacağam, amma heç nə etməyəsən. Biri də var "mən orda olacağam" deyib qarşına məqsəd qoyub orda irəliləyirsən. Məndəki məqsədyönlü istək idi. Hər gün iş saatım bitəndən sonra telefon operatorunun yanında oturub telefonlara necə cavab vermək lazım olduğunu öyrənirdim. 95-ci ilin may ayında qapıçı kimi düzəldim, 96-cı ilin aprelində telefon operatoru vəzifəsinə yüksəliş aldım. Artıq hazır kadr idim, ona görə rahatlıqla operator götürdülər. O vaxt telefon operatorlarının işi indiki ilə müqayisə edilməyəcək dərəcədə çox idi. Mobil telefon, internet yox idi. Xaricdən və şəhərdən gələn-gedən zəngləri biz bağlayırdıq, hətta qonaqlar "səhər zəng vur məni oyat" deyirdilər. O vaxt o vəzifə daha aktiv iş idi, telefon dayanmırdı.

- Karyeranızın sonrakı mərhələsi Macarıstandadır. Bir az da bundan danışaq...

- Universiteti bitirəndə artıq "Hyatt" otelində ön büro menecerinin yardımçısı vəzifəsinə qədər gəlib çıxmışdım. Universiteti başa vurub macar dilini öyrənmək üçün Macarıstana getdim. Yaxın dostlarımdan biri macar idi, onların turizm şirkətinə rus dilini bilən kadr lazım olduğunu dedi, mənə iş təklif etdi. Bir müddət onlara kömək etdim, sonra otel sektoru ilə bağlı bir alman şirkəti olan "City Partner Hotels" Macarıstandakı ofisinin meneceri oldum. Orda iş otellə bağlı idi, amma daha çox otellərin tikintisi, idarəetməsinin qurulması kimi işləri görürdük. Amma mən aktiv otel işi istəyirdim, ona görə Macarıstanda "Four Seasons" otelinin iş elanına müraciət etdim. Ön büro menecer yardımçısı vəzifəsinə götürdülər. Macar dilini bilirdim deyə işə götürdülər, amma orda ilk vaxtlar bəzi çətinliklərim oldu, çünki xarici vətəndaş idim və məndən əvvəl orda çalışan, həmin vəzifəyə keçməyini gözləyən kadrlar var idi. Onların istədikləri yerə kənardan bir kadr gətirilməsi, üstəlik o kadrın da xarici olması bir az narazılıq doğururdu. Mən bunu normal qəbul edirdim, amma o problem zamanla həll olundu.

- Bəs fikirlərinin dəyişməsinə səbəb nə oldu?

- Mənə görə insanlara vəzifənin gücü ilə deyil, bilik və ağılla qalib gəlmək lazımdır. Qısa bir müddətdə onlara dolayı yolla o vəzifəyə layiq olduğumu sübut etdim. Həmin adamlarla sonra çox yaxşı ünsiyyətimiz oldu və bu günə qədər də çox yaxın dostuq. Məni tanıyandan sonra münasibətləri dəyişdi. Hətta bir müddət sonra artıq onlar mənə əcnəbi kimi baxmırdılar, macar bilirdilər.

- Sonra "Fous Seasons"un Azərbaycan bölməsinə keçdiniz...

- 2006-2011-ci illərdə Macarıstandakı "Four Seasons Gresham Palace" otelində işlədim, 2011-ci ilin avqust ayında Azərbaycanda "Four Seasons" açılanda soruşdular ki, azərbaycanlısan, öz ölkəndə işləmək sənə maraqlı olar? Təklifi dəyərləndirib Azərbaycana gəldim. 5 ilə yaxın "Four Seasons"da işlədim. 2016-cı iyun ayının sonunda otaqlar bölməsinin müdiri kimi oradan ayrıldım, iyulun 1-i Bakıdakı "Boulevard Hotel Autograph Collection"a baş menecer vəzifəsinə getdim. Bir il səkkiz ay orda çalışandan sonra "İntourist Hotel Autograph Collection"a baş menecer kimi transfer aldım. On ay orda işlədikdən sonra Türkiyəyə gəldim.

Bu gün qürur hissi ilə deyə bilərəm ki, vətənim üçün nələrsə etmişəm. Çünki çalışdığım müddətdə çoxlu kadr yetişdirmişəm. "Four Seasons"da işləyən kadrların böyük hissəsini o vaxt mən işə alıb təlim keçmişəm. Çox gənci sıfırdan götürüb üzərində işləyib gətirmişik. Onların bir çoxu professional kadr olub, karyeralarında irəliləyiblər. Yaxşı kadr ölkə üçün çox əhəmiyyətlidir. Çünki yaxşı kadrsız heç nə etmək olmur.

- Otel sektoru elədir ki, ən aşağı vəzifədən daha yuxarı pillələrə getmək olur. Bəs irəliləmək üçün kadrın özündən asılı olan nələrdir?


Xəbərə aid fotolar