Əcnəbi turistlər arasında şəlalələr diyarı kimi məşhurlaşan Ləzə kəndindən REPORTAJ VİDEO FOTO


Digərləri 05 May 2019 20:19:00 214 0

Əcnəbi turistlər arasında şəlalələr diyarı kimi məşhurlaşan Ləzə kəndindən REPORTAJ  VİDEO  FOTO

Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Ləzə kəndi əcnəbi turistlər arasında hər il daha da məşhurlaşır. Şahdağ Turizm Mərkəzi istifadəyə veriləndən sonra əsrarəngiz təbiət mənzərələri ilə zəngin bu kəndə gələn xarici qonaqların sayı artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə hər gün yerli və əcnəbi tursitlərlə rastlaşmaq mümkündür.

Ləzə kəndində 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.

Sloveniyadan gələn Darjan Brus deyir ki, Ləzə dünyada nadir təbiət incilərindəndir: "Buranın təbiətini, hündür dağlarını, şəlalələrini çox bəyəndim. Ləzə kəndi dağ gəzintiləri üçün əlverişlidir. Başqa yerlərdən çox fərqlənir. Yerli sakinlər qonaqpərvərliyinə görə seçilir. Nadir təbiət incisi olan Ləzəyə yenidən gələcəyəm".

Süzanna isə ölkəmizə İsveçrədən gəlib. Azərbaycanı çox bəyəndiyini söyləyən əcnəbi qonaq fərqli təbiət mənzərələrindən zövq aldığını bildirib. "Əvvəlcə Bakıda olduq. Paytaxtınız müasirliyi ilə məni heyrətləndirdi. Daha sonra Qusara gəldik. Ləzə kəndi Bakıdan çox da uzaq deyil. Burada xaricdən gələn qonaqları valeh edəcək təbiət mənzərələri var. Ləzədə olmaqdan zövq aldım", - deyə isveçrəli turist bildirib.

Ləzənin bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. Yüksək dağ zirvələrinə çıxmaq üçün kəndə gələn xarici turistlərin sayı ilbəil artır. 200 nəfərə yaxın əhalisi olan Ləzə kəndində 30-a yaxın ev var.

Kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olsa da, son illər yerli əhali turizmdən də gəlir götürməyə başlayıb. Kənd sakini Mövlud Əzizov həyətində turistlərin qalması üçün hər bir şəraiti olan kotteclər tikdirib. Bu kotteclərdə xarici turistlər qalır. M.Əzizov bildirir ki, kəndə daha çox Avropa ölkələrindən qonaqlar gəlir. O, evini və kottecləri turistlərə günü 30 manatdan başlayan qiymətlərlə kirayə verir. Bu qiymətə gün ərzində 3 dəfə yemək də daxildir. Turistlərin sifarişlərindən asılı olaraq, göstərilən xidmətlərə görə qiymətlərdə dəyişikliklər olur.


Xəbərə aid fotolar