Macarıstanda dövlət qulluqçuları aşağımaaşlı sektoru kütləvi şəkildə tərk edir


Dünya 05 May 2019 08:28:00 253 0

Macarıstanda dövlət qulluqçuları aşağımaaşlı sektoru kütləvi şəkildə tərk edir

Minlərlə insan əvvəlki əməkhaqqı saxlanılmaqla, iş yükü və saatının artması ilə bağlı Macarıstanın dövlət qulluğundakı iş yerlərini tərk edirlər.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, hökumət hər şeyin nəzarət altında olduğunu təsdiq etsə də, həmkarlar ittifaqları bunun fəlakətə aparacağını və kütləvi şəkildə işdən ayrılmaların dövlət idarəçiliyi sistemində xaosa gətirib çıxaracağını bildirirlər.

Cari ilin martında qüvvəyə minən yeni qanun dövlət qulluqçularının əmək şərtlərini dəyişir. Bundan Macarıstan nazirliklərinin, regional və mərkəzi dövlət müəssisələrinin, həmçinin dövlət xəzinəsinin işçiləri əziyyət çəkib. Hazırda nahar fasiləsi iş vaxtının bir hissəsi hesab edilmir. Bu da indi ildə 14-15 əlavə iş günü deməkdir. Ödənişli məzuniyyət 25 gündən 20 günə endirilib.

Hazırda iş 7.30-da başlayıb 16.30-da bitir ki, bu da 9 saat təşkil edir. Doqquzsaatlıq iş günləri indi dövlət idarəçiliyində demək olar ki, adət halını alıb.