İranın iqtisadi inkişafı dünya mətbuatını təəccübləndirir


Dünya 05 May 2019 04:30:00 214 0

İranın iqtisadi inkişafı dünya mətbuatını təəccübləndirir

Beynəlxalq Valyuta Fondunun (BVF) "Qərbi Asiyanın iqtisadi perspektivləri" başlıqlı hesabatı dünya mətbuatının təəccübünə səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hesabatda İranın iqtisadi inkişafı təhlil edilib və onun artacağı proqnozlaşdırılıb. Hesabat müəllifləri bildiriblər ki, sanksiyalara baxmayaraq, cari ildə İranın valyuta ehtiyatları 103 milyard 200 milyon dollar həcmindədir.

CNN televiziyası BVF analitiklərinin fikirlərini şərh edərək bildirib ki, İran hər zaman sanksiyalara baxmayaraq, neftini dünya bazarına çıxarmaq üçün yol tapıb. Bu dəfə də İran neftə ehtiyacı olan ölkələrlə birgə sanksiyalardan yan keçərək neftini bazara çıxaracaq. ABŞ-ın İrana qarşı sanksiyalar siyasəti səmərə vermir.

Kanalın siyasi şərhçisi İranı Venesuela ilə müqayisə edib və bildirib ki, neftlə zəngin olan Venesuelaya qarşı tətbiq olunan sanksiyalar ölkənin daxilində ictimai-siyasi sabitliyi pozdu. İqtisadi vəziyyət ağırlaşdı, iri şirkətlər müflisləşdi, əhali yoxsullaşdı. Lakin İranda bunlar müşahidə edilmir. Sanksiyalara baxmayaraq, İranda ictimai-siyasi sabitlik hökm sürür, bazarlar və mağazalar ərzaqla doludur. Bütün bunlar onu deməyə əsas verir ki, İran sanksiyalara baş əyib siyasi xəttini dəyişməyəcək.