Hamiləliyin gedişinə tibbi nəzarət


Digərləri 04 May 2019 22:50:00 245 0

Hamiləliyin gedişinə tibbi nəzarət

Hamilə qadın hamiləliyin lap əvvəlindən başlayaraq doğuşa qədər olan dövr ərzində müntəzəm olaraq mama-ginekoloqun nəzarətində olmalıdır.

İlk növbədə hamilə qadın pasport qeydiyyatında olduğu ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata düşməlidir.

Orada onun üçün açılan qeydiyyat kartında hamiləliyin gedişi üzrə tələb olunan bütün göstəricilər, laborator və digər müayinələrin nəticələri qeyd olunur.

Hamilə qadının qadın məsləhətxanasına ilk müraciəti zamanı onun həqiqətən hamilə olması və hamiləlik üçün risk faktorlarının aşkar edilməsi üzrə həkim müayinəsi aparılır. Bu məqsədlə cinsi yolla keçən infeksiyaların müəyyən edilməsi üçün uşaqlıq yolundan yaxma götürülür; qanın, sidiyin ümumi müayinələri, həmçinin qan qrupu və rezus-faktor, qanın sifilisə, QİÇS-ə və digər infeksiyalara görə müayinələri təyin edilir. Hamilə qadınlar terapevt, stomatoloq və lazım gəldikdə digər mütəxəssislərin müayinəsinə göndərilir.

Sidiyin ümumi müayinəsi hamiləliyin 1-ci dövründə ayda 1 dəfə olmaqla, sonradan isə hamiləlik toksikozunun vaxtında müəyyən edilməsi məqsədi ilə ayda 2 dəfə olmaqla aparılır.

Qanın ümumi müayinəsi anemiya (qanazlığı) və bəzi digər xəstəliklərin profilaktikası və vaxtında müalicə aparılması üçün hamiləliyin əvvəlində, ortasında və axırında olmaqla 3 dəfə təyin edilir. Hamilə qadın hamiləliyin 1-ci yarısında qadın məsləhətxanasına ayda 1 dəfədən az olmamaqla, 20 həftəlik hamiləlikdən sonra ayda 2 dəfə, hamiləliyin 32-ci həftəsindən etibarən isə ayda 3-4 dəfə olmaqla müayinəyə gəlməlidir. Hər bir belə gəliş zamanı mama-ginekoloji müayinədən əlavə, hamilə qadının çəkisi, arterial təzyiqi ölçülür, şişkinliklərin (ödemlərin) olub-olmamasına diqqət yetirilir. Hamiləlik üçün risk faktorlarının erkən dövrlərdə aşkar edilməsi, hamiləliyin gedişindəki pozğunluqların vaxtında müəyyən edilməsi isə ana və uşağın həyatının qorunması, doğuşun normal keçməsi və doğuşdan sonra uşağın normal inkişafını təmin etməyə xidmət edir.