Hamiləlik və qadında olan bəzi xəstəliklər


Digərləri 04 May 2019 22:40:00 239 0

Hamiləlik və qadında olan bəzi xəstəliklər

Tromboflebit və damarların varikoz genişlənməsi. Hamiləliyə qədər müəyyən edilmiş bu xəstəliklər hamiləlik dovründə fəsadlaşa bilərlər. Bu zaman aşağı ətraflarda keyimə, dəri altında qarışqa gəzməsi, yorğunluq, baldır əzələlərində qıcolmalar hiss olunur.

Tromboflebitin profilaktikası üçün hamilə qadınlar öz qida rasionunda tərkibində xeyli miqdarda P, S, A, E vitaminləri, kalsium, maqnezium, kalium elementləri olan qida məhsullarının miqdarını artırmalı, aşağı ətraflarına alma sirkəsi və ya xüsusi dərman gelləri sürtməlidirlər. Bəzi həkimlər əlavə olaraq tərkibində kalsium olan dərman preparatlarının təyin edilməsini məsləhət görsələr də, digərləri bu maddəni təbii yolla, qida məhsulları vasitəsilə qəbul etməyi daha münasib olmasını israr edirlər. Kalsiumun artıq miqdarda qəbul edilməsi də yolverilməzdir. Belə ki, bu sümüklərin və dölün başındakı əmgək və sümük tikişlərinin daha tez bərkiməsinə səbəb olur ki, bu da doğuş zamanı və doğuşdan sonra bir çox arzuolunmaz patoloji dəyişikliklərə gətirib çıxara bilər.

Anemiya (qanazlığı) - hemoqlobinin səviyyəsinin 90q/l-dən aşağı olması ana və döl üçün təhlükəlidir. Bu zaman ixtisaslaşdırılmış şöbədə diaqnozun dəqiqləşdirilməsi və səbəbinin aşkar edilməsi məsləhət görülür. Hemoqlobini aşağı olan qadınlara aşağıdakı qida məhsullarının daha çox qəbul edilməsi məsləhət görülür: alma, kərəviz (bitkinin tərkibi maqnezium, dəmir, qanyaranma prosesi üçün dəyərli hesab edilən digər maddələrlə xeyli zəngindir), bal (yeməkdən sonra 1 qaşıq (adətən səhərlər), ərik (gün ərzində 100 qr (yumşaq hissəsi), mal əti, qara ciyər, yunan qabağı və balqabaq. Hemoqlobini aşağı olan hamilə qadınlara həkimlər dəmir preparatları da təyin edirlər.

Böyrək xəstəlikləri - əksər hallarda hamiləlik dövründə kəskinləşərək, ağır toksikozlara və dölün bətndaxili inkişafının ləngiməsinə səbəb olur.

Yüksək dərəcəli miopiya (yaxınıgörmə) (-7dpt başlayaraq) - doğuş vaxtı gözün torlu qişasına qan sızması ilə onun qopmasına səbəb ola bilər. Ona görə də belə hallarda doğuş Keysər kəsiyinin aparılması ilə həyata keçirilir. Hər bir belə konkret halda doğuşun təbii və ya cərrahi yolla yerinə yetirilməsi müalicə həkimi tərəfindən müəyyən edilir.

Hamiləlik zamanı bəzi hallarda appendisit xəstəliyi inkişaf edir. Appendiksin (kor bağırsağın soxulcanvari çıxıntısı) iltihablaşmasına əsas səbəb uşaqlığın böyüyərək appendiksin yerinin dəyişməsi, əyilməsi, onun gan dövranının pozulmasıdır. Hamiləliyin müddətindən asılı olmayaraq appendisit xəstəliyi təcili cərrahi əməliyyatın aparılmasına göstəriş hesab edilir.

Bronxial astması olan qadınlar hamiləliyə hazırlıq zamanı onlar və gələcək uşaqlar üçün daha az təhlükəli və effektli dərman preparatlarının seçilmiş olduğu halda, hamiləliyi normal sonluğa çatdıraraq tam sağlam körpəni həyata gətirə bilərlər. Bu zaman bütün hamiləlik dövrü ərzində qadın özünü boğulma tutmalarının baş verməsindən qorumalıdır. Əks halda döl üçün təhlükəli olan hipoksiya inkişaf edə bilər.

Uşaqlığın mioması əzələ toxumasından ibarət olan xoşxassəli şişdir. Əmələ gəlmə səbəbləri dəqiq şəkildə məlum olmasa da, əksər hallarda bu patoloji proses cinsi hormonların tarazlığının pozulmasının nəticəsi kimi qeyd edilir.