Hamilə qadın necə qidalanmalıdır?


Digərləri 04 May 2019 20:50:00 258 0

Hamilə qadın necə qidalanmalıdır?

Hamiləlik dövrü sağlam və dözümlü uşaq orqanizminin quruculuğu dövrüdür. Buna görə gələcək ananın düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır.

Natamam qidalanma kimi, normadan artıq qidalanma da təhlükəli hesab olunur.

Natamam qidalanma uşaqsalmaya, dölün çəkisinin azalmasına və onun həyat qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Artıq qidalanma isə ananın və dölün çəkisinin artmasına səbəb olur, iri ölçülü döl isə həm hamiləliyi, həm də doğuşu daha riskli edir.

Hamiləliyin birinci yarısında gün ərzində 4 dəfəlik, ikinci yarısında isə döl tərəfindən bağırsaqların sıxılmasını nəzərə almaqla 5-6 dəfəlik qida qəbulu rejimi məsləhət görülür.

Qidanın tərkibində tələb olunan miqdarda zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral duzlar və mikroelementlərin olması vacibdir. Bu halda gün ərzində qəbul edilən qidanın ümumi energetik dəyəri (kaloriliyi) - 2800-3000 kkal olmalıdır.

Hamilələrin qida rasionundan spirtli içkilər, kofe, tünd çay, kolbasa, sosiska, müxtəlif turşu və şorabalar, hisə verilmiş və konservləşdirilmiş qidalar, konfetlər, yağlı yeməklər, tonuslayıcı qazlı içkilər ("Coca-Cola", "Pepsi" və s.) qəti şəkildə çıxarılmalıdır.

Gələcək ana üçün düzgün qidalanmadan əlavə düzgün maye qəbul etmək də vacibdir. Hamiləliyin birinci yarısında qadın gündə 2-2,5 litr maye qəbul etməlidir. Bu mayeyə tək su deyil, duru yeməklər, duru souslar, meyvə və tərəvəz tərkibindəki sular da daxildir. Bu dövrdə qadın tez-tez qusur ki, bu zaman itirilən mayeni də əvəz etmək vacibdir. Səhərlər içinə yarım limon şirəsi qatılmış bir stəkan su içmək olar.

Hamiləliyin 20-ci həftəsindən sonra qan dövranının sürəti 40% artır. Qadının ürək, böyrək və digər orqanları daha intensiv şəkildə işləyir və qan təchizatına tələbatı daha da artır. Böyrəklərin üzərinə daha böyük ağırlıq düşür, onlar bu dövrdə daha çox maye ifraz edir. Hətta sağlam qadında da şişkinlik əmələ gələ bilər. Daha ağır vəziyyətlərdə hamiləlik ödemi, gestoz (AT artması ilə müşayiət olunan ödem) baş verir. Bununla əlaqədar olaraq hamiləliyin 20-22 həftəsindən etibarən qəbul edilən mayeni 1,5 litrə qədər azaltmaq lazımdır. Duz qəbulu da azaldılmalıdır, çünki duz mayeni orqanizmdə saxlayır.

Aşağıda qeyd edilən qida maddələri hamilə qadın üçün çox vacibdir.