15 yaşına çatmamış uşaqları işə götürən şəxs məsuliyyətə cəlb edilir


Digərləri 04 May 2019 19:23:13 222 0

15 yaşına çatmamış uşaqları işə götürən şəxs məsuliyyətə cəlb edilir

“Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında tədbir keçirilib.

Bakı. 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu fikir nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Kürdəmir rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb. İşəgötürənlərin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.