İçki düşkünü olan oğlunu bıçaqlamış ata həbs edilmədi


Kriminal 04 May 2019 18:36:00 310 0

İçki düşkünü olan oğlunu bıçaqlamış ata həbs edilmədi

79 yaşlı ata içki düşkünü olan oğlunu bıçaqlayıb. İş tapa bilmədiyini bəhanə edib əyyaşlığa qurşanan oğul da, əlini övladının qanına bulayan ata da peşmandır.

Məhkəmə tərəflərin barışdığını, oğulun atadan şikayətçi olmadığını nəzərə alaraq, ahıl yaşlı Samed Alıevi dəmir barmaqlıqlar arxasına göndərməyib, ona şərti cəza təyin edib...

Bakı Ağır Cinayətlər Məhkəməsində doğma oğlunu bıçaqlamaqda ittiham olunan 79 yaşlı Samed Alıevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, hadisə ötən il martın 23-də gecə saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. Oğlu Rövşən Əliyevin spirtli içki almaq üçün pul tələb etməsi ata-oğul arasında qarşıdurmaya səbəb olub. Mübahisə zamanı oğlunun onu təhqir etməsinə dözməyən ata bıçaqla Rövşənə zərbə endirib.

Əslən Qərbi Azərbaycandan olan Samed Alıev uzun illər Moldova Respublikasında yaşayıb. Orada ali təsil alıb, işləyib, ailə həyatı qurub. On il bundan öncə isə həyat yoldaşı Olqa ilə birgə daimi yaşayış məqsədilə Qaqauziyadan Bakıya köçüb. Zabrat qəsəbəsində oğlu Rövşən və arvadı Olqa ilə eyni mənzildə yaşayıb. Rövşənin işləməməsi, digər yandan isə spirtli içki aludəçisi olması həm atanı, həm də ananı bezdirib. Mütəmadi olaraq içki və siqaret üçün atasından pul tələb edən Rövşən növbəti dəfə onun bıçaq zərbəsinə tuş gəlib.

Törətdiyi əmələ görə S.Alıevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Təqsirləndirilən Samed Alıev ona elan olunmuş ittihamla özünü təqsirli bilib, törətdiyi əməldən peşman olduğunu deyib. İfadəsində oğlu ilə aralarında ədavət olmadığını söyləyib: "Oğlum Moldovada evlənmişdi, orada yaşayırdı. 2012-ci ildə arvadından ayrılandan sonra Rövşən də bizim yanımıza - Bakıya köçdü. İş axtarsa da, Bakıda iş tapa bilmirdi. Hər gün içki içirdi. Olqa da, mən də onun hərəkətlərindən bezmişdik. İmkan daxilində ona siqaret və araq pulu verirdim".

S.Alıevin ifadəsinə görə, hadisə baş verən gün oğlu ondan yenə pul istəyib. O da Rövşənə 2 manat pul verib: "Pulu alıb getdi. Axşam saat 6-da evə gəlib yenə pul istədi. Pulum olmadığından verə bilmədim. Mübahisəmiz düşdü. DİN-in "102" xidmətinə zəng vurub şikayət etdim, polis gəlmədi. Sonra stolun üstündən bıçaq götürüb Rövşəni qorxutmaq istədim. Dedi "vur", mən də əsəbi halda qarnından bıçaqla vurdum".