Ramazanda tutulan orucun üstünlükləri:


Digərləri 04 May 2019 16:30:00 444 0

Ramazanda tutulan orucun üstünlükləri:

Ramazan mənəvi cavanlaşma ayı sayılır. İslamın beş şərtlərindən biri olan orucluğa düzgün yanaşılsa, ondan çoxsaylı faydalar əldə etmək olar. Bizim pəhrizlə bağlı vərdişlərimiz dini etiqadımızla həmahəng olanda enerji mənbəyinə çevrilə, bizim şüurumuzu, bədənimizi və ruhumuzu zənginləşdirə bilər.

Son.az Oxu.az-a istinadən Ramazanda tutulan orucun üstünlüklərini təqdim edir:

Orqanizmin istirahəti:

İftar ərəfəsində adam özünü süst hiss etsə də, əslində, oruclu olduğu müddətdə daxili orqanlarımız gündəlik yüklənmədən dincəlir. Qida və maye qəbulundan imtina etməklə, beyin qidanın həzm olunması üçün nəzərdə tutulan enerjini orqanizmin digər funksiyalarına yönəldir.

Detoksikasiya. Orqanizm həzm prosesindən dincələn zaman, əsas diqqəti bədənin toksinlərdən təmizlənməsinə və özünübərpaya yönəldir.

Xroniki xəstəliklər riskinin azalması: Amerika Müalicəvi Qidalanma Jurnalında dərc olunmuş Krist A. Varadi və Mark K. Hellerstaynın başçılığı altında aparılmış "Alternativ ac qalma və xroniki xəstəliklərin profilaktkası: heyvanlar və insanlar üzərində aparılan sınaqların icmalı" adlı tədqiqat haqda məqaləyə görə, Ramazan ayında tutulan oruca analoji olaraq bir həftə ərzində fasiləsiz şəkildə saxlanılan pəhriz ürək-damar xəstəlikləri, diabet və xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.

Beynin müdafiəsi: Kaliforniyanın Skripps Elmi-Tədqiqat İnstitutunun immunologiya və mikrobiologiya kafedrasının Alirezai M.İ və digər alimlərin (Alirezaei M1, Kemball CC, Flynn CT, Wood MR, Whitton JL, KiossesWB.) başçılığı altında apardığı tədqiqat göstərib ki, oruc tutan zaman insanın orqanizmində beynin hüceyrədaxili immunitet mexanizmi işə düşür. Bu isə öz növbəsində beyin hüceyrələrinin stress faktorlarından qorunma funksiyasını aktivləşdirir.

Tədqiqatda qeyd olunur ki, oruc tutan zaman ac qalmaqla insanın bədənində "neyron autofagiya" mexanizmi işə düşür. Bu mexanizmə görə, ac qalan vaxt, hüceyrələr zədəli orqanelləri və köhnə zülalları məhv etməklə özünü bir növ detoksikasiya edir, zərərli zərrəciklərdən təmizləyir.

Başqa bir tədqiqata görə, ac qalmaq beynin neyrotrofik faktorunu (brain neurotrophic factor BDNF) artırır. Bu isə hafizənin güclənməsinə, öyrənmə prosesinin yaxşılaşmasına, analitik bacarıqların artımına vəsilə olur. Aşağı BDNF səviyyəsi daha çox altsheymerdən əziyyət çəkən xəstələrdə müşahidə olunur.

Qida həzmində iştirak edən hormonların nizamlanması:

Oruc tutan adamın orqanizmində insulin, leptin və qrelin normal səviyyəyə düşür. İnsulin qanda şəkər səviyyəsini normada saxlamağa imkan verən hormondur, leptin toxluq, qrelin isə aclıq hormonudur. Bu hormonların miqdarının nizamlanması o anlama gəlir ki, bədən həmin hormonlara daha həssas olur və orqanizmin öz funksiyalarını yerinə yetirməsi üçün külli miqdarda hormona ehtiyac qalmır.

İnsulinə qarşı tolerantlıq diabet şəklində özünü biruzə verə bilər, leptin və qrelinə qarşı tolerantlıq isə piylənməyə yol aça bilər. Mədənin qrelin hormonu iştahı artırır, eyni zamanda, beyində yeni hüceyrələrin artımını stimullaşırır, onu qocalmanın fəsadlarından qoruyur. Oruc tutan bəzi adamların, oruc vaxtı diqqətlərinin itiləşməsini demələrində bu baxımdan həqiqət var.

Aclıq hormonu sayılan qrelinin iş mexanizmi belədir: bir neçə saat ac qaldıqdan sonra, yəni mədə tam boşaldıqdan sonra, bu prosesə cavab olaraq qanda qrelinin miqdarı artır.