Sanksiyalar İranı çökdürür:


Dünya 04 May 2019 16:24:00 414 0

Sanksiyalar İranı çökdürür:

İranda ABŞ-ın tətbiq etdiyi ölkəni neft gəlirlərinin yarısından məhrum edən sanksiyaların təsiri altında inflyasiya tempi kəskin artıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, "TradingEconomics"in məlumatlarına əsasən aprel ayında bu ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 51.4 faiz artıb. Habelə mart ayı ilə müqayisədə inflyasiya 3.9 faiz artıb ki, bu da 1995-ci ilin dekabr ayından bəri qeydə alınan rekord göstəricidir.

İranda ən çox bahalaşan ərzaq məhsullarıdır-84 faiz. Geyim, ayaqqabı və nəqliyyat xidmətləri isə 50 faizdən çox artıb. Milli valyutanın-rialın məzənnəsi son dörd ayda "qara bazarda" 17 faiz aşağı düşüb və neft ixracının azalmasının təsiri altında rial dəyərdən düşməkdə davam edir. Xatırladaq ki, ABŞ mayın 3-dən etibarən İrandan neft ixracına tamamilə qadağa qoyub, bundan əvvəl Türkiyə, Hindistan və bəzi digər ölkələr İrandan neft almaq üçün güzəştlərə malik idi.

Hələ neft ixracının tam qadağan olunmasına qədər İranın neft ixracı kəskin azalmışdı. Belə ki, aprel ayında İran gündə 1 milyon barreldən də az neft sata bilib. Bir il əvvəl isə gündə 2.3 milyon barrel neft satırdı. Hesablamara görə ABŞ-ın sanksiyalarının təsiri nəticəsində İran iqtisadiyyatı bir ildə azı 10 milyard dollar gəlirdən məhrum olub.

"Bank of America" hesab edir ki, Türkiyə, Hindistan və daha 6 ölkənin İrandan neft almağa müvəqqəti icazəsinin ləğv edilməsinin nəticəsində Tehranın ixrac gəlirləri daha iki dəfə azalacaq.

İran iqtisadiyyatı və əhalisi Birləşmiş Ştatların maliyyə təzyiqinin ağrısını demək olar, hər gün hiss edir. İran bank və şirkətlərinin xariclə istənilən iqtisadi əməkdaşlığını önləməyi hədəfləyən sanksiyaların siyasi məqsədi İran hökumətinin idarəçiliyini, siyasi, hərbi vəiqtisadi ambisiyalarına çatmasını çətinləşdirməkdir.

Ancaq Atlantik Şurasının saytında Mohsen Tavakol yazır ki,  reallıqda sanksiyalar daha çox özəl sektora ziyan vurur. İranda işçi qüvvəsinin böyük hissəsi bu sektorda çalışır və deməli, ziyanı ortabab iranlılar çəkir.

82 milyon əhalisi olan İran dünya iqtisadiyyatları içində 18-cidir. Belə böyük əhalinin istehlakını ödəməyə təkmil biznes infrastrukturu lazımdır. Qədim ticarət və azad bazar tarixçəsi olan İranda özəl sektor vacib rol oynayır. Lakin bu sektor 1979-cu il islam inqilabından bəri yaxşı idarə olunmayan hökumət, zəif dövlət administrasiyası və ədliyyə sistemi, tənzimləyici qurumların olduğu mühitdə mübarizə aparır.