“Azərxalça”nın Lənkəran filialında “Xalçaçı günü”nə həsr olunmuş geniş bayram tədbiri keçirilib (FOTO)


Digərləri 04 May 2019 12:43:00 188 0

“Azərxalça”nın Lənkəran filialında “Xalçaçı günü”nə həsr olunmuş geniş bayram tədbiri keçirilib (FOTO)

Bir qrup toxucu mükafatlandırılıb, emalatxanada toxunan növbəti xalça kəsilib.

Bakı. Prezident İlham Əliyev 25 noyabr 2016-cı il tarixdə “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb. Artıq üç ildir ki, may ayının 5-i “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün xalçaçıların peşə bayramı kimi qeyd olunur. “Azərxalça”dan Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də xalçaçılar öz peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında geniş bayram tədbiri keçirilib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov xalçaçıları peşə bayramı münasibətilə təbrik edib. İdarə Heyətinin sədri çıxışında deyib ki, ölkəmizdə digər sahələr kimi, xalçaçılığın da inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Hələ ötən əsrin 70-ci illərindən ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. Ölkəmiz müstəqillik qazandıqdan sonra xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib. Bu sahədə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji kurs Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının xalçaçılığın inkişafı ilə bağlı imzaladığı sərəncamlar, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması xalçaçılıq sənətinin yaşadılmasını, ölkəmizdə ənənəvi xalq üsulu ilə kütləvi xalça istehsalını, onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edir. Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Azərbaycan Prezidentinin “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir” sözlərini xatırladan Vidadi Muradov bildirib ki, dövlət başçısı xalçaçılığa ikinci həyat verib, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsini yaradıb: “Ölkə rəhbərinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması minlərlə xalçaçını sevindirib, onların bu sənətin gələcəyi ilə bağlı itirilmiş inamını və ümidini özünə qaytarıb. İndi Azərbaycan xalçaçıları nəinki dövlət başçısının onlar üçün yaratdığı emalatxanalarda işləyərək gözəl xalçalar toxuyurlar, həm də üçüncü ildir ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsis edilmiş peşə bayramlarını qeyd edirlər. Bütün bunlara görə Azərbaycan xalçaçıları Prezident İlham Əliyevə hər zaman minnətdar olacaqlar”.