Bakıdan "Buta Airways” ilə Xarkova təyyarə reysinin açılışı olub (FOTO)


Digərləri 04 May 2019 10:31:00 286 0

Bakıdan "Buta Airways” ilə Xarkova təyyarə reysinin açılışı olub (FOTO)

Ötən gün Azərbaycanın loukost aviaşirkəti olan "Buta Airways"in Bakı-Xarkov istiqamətində təyyarə reysinin açılışı olub.

Bakı. Ötən gün Azərbaycanın loukost aviaşirkəti olan "Buta Airways"in Bakı-Xarkov istiqamətində təyyarə reysinin açılışı olub. Trend-in məlumatına görə, bu şəhər üzrə ilk reys olmasına baxmayaraq təyyarə sənişinlərlə tam dolu vəziyyətdə Heydər Əliyev adına hava limanını tərk edib. İlk uçuşu əməkdar pilot həyata keçirib. Təyyarənin sürəti saatda 850 km, qət etdiyi məsafə isə 1800 kilometr olub. Təyyarə Xarkova enəndə Azərbaycanlı sərnişinlər sürprizlə qarşılaşıblar. Belə ki, onları Azərbaycan milli geyimində olan ukraynalı azyaşlılar əllərində gül çiçək və tortla qarşılayıblar. Onlar pilotları və sərnişinləri ilk uçuş münasibəti ilə təbrik edib, kollektiv şəkil çəkdiriblər. Daha sonra Xarkov hava limanında kiçik mərasim təşkil olunub. Azərbaycan və Ukrayna hava yolları şirkətinin rəsmi nümayəndələri ilk reysin açılışı münasibəti ilə həmyerlilərimizi təbrik ediblər. Azərbaycan hava yolları şirkətinin Ukrayna üzrə nümayəndəsi Əmirov Yaşar jurnalistlərə açıqlama verərək reysin perspektivli olacağını söyləyib. O, bildirib ki, bu xidmətdən təkcə Xarkovda yaşayan azərbaycanlılar yox, yaxınlıqda yaşayan həmvətənlərimiz də yararlana biləcəklər. Xarkov Dövlət Administrasiyasının iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə direktoru Andrey Kolosbildirib: "Azərbaycanın aşağı büdcəli aviaşirkəti "Buta Airways"ın Bakıdan Ukraynanın Xarkov şəhərinə uçuşlara başlaması ölkəmizə, buradakı təhlükəsizliyə olan inamın göstəricisidir". Üzərində buta yazılan tortun kəsilməsindən sonra qonaqlar furşetə dəvət edilib. Qeyd edək ki, uçuşlar bugündən etibarən çərşənbə axşamı və cümə günləri olmaqla həftədə 2 dəfə həyata keçiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi Odessa və Xarkova da minimal tarif 29 avro (birtərəfə) təşkil edəcək.