Xahiş edirəm, məni sevdiyim peşəmdən,


Digərləri 04 May 2019 07:25:00 215 0

Xahiş edirəm, məni sevdiyim peşəmdən,

Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Afət Məmmədova son sözlə çıxış edib. O, günahsız olduğunu deyib:

"Mənim üçün əsas məsələ insan sağlamlığıdır. Xahiş edirəm, məni sevdiyim peşəmdən - həkimlikdən ayırmayın".

Yanğının baş verməsində də heç bir günahı olmadığını, kimsədən rüşvət almadığını deyən A.Məmmədova bildirib ki, xəstələrə görə qanuni məzuniyyətindən də imtina edib:

"Mənim üçün həkimlik ən ali peşədir. Lazım gələndə, ailəmi də peşəmə qurban vermişəm. O mənada ki, qanuni məzuniyyət haqqım olduğu halda, uşağımın 40 günü tamam olan kimi işə çıxmışam. Fikirləşmişəm ki, xəstələr məni gözləyir".

A.Məmmədova çıxışının sonunda məhkəmədən barəsində bəraət verilməsini istəyib.

Digər təqsirləndirilən şəxslər son söz demək üçün məhkəmədən vaxt istəyiblər.

Buna görə proses mayın 17-dək təxirə salınıb.

Qeyd edək ki, keçən ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.