Ötən il Avstriyada cinayət hallarının sayı azalıb


Dünya 03 May 2019 23:16:00 192 0

Ötən il Avstriyada cinayət hallarının sayı azalıb

Ötən il Avstriyada cinayət halları üzrə hüquq-mühafizə orqanlarına 47 min 2981 şikayət daxil olub. Bu isə 2017-ci illə müqayisədə 7,4 faiz azalma deməkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən ilin cinayət statistikasını təqdim edən daxili işlər naziri Herbert Kikl son 20 ildə ilk dəfə cinayət halları üzrə şikayətlərin 500 minlik mühüm həddən aşağıda olduğunu elan edib. Cinayət hallarının azalması fonunda onların üstünün açılmasında ciddi irəliləyiş də əldə edilib. Cinayət hallarının 52,5 faizinin üstü il ərzində açılıb.

Ötən il əmlak və zor tətbiqi cinayətlərinin sayı azaldığı halda kibercinayətlərin və qadınlara qarşı zorakılıq cinayətlərinin sayı artıb. Nazir bildirib ki, əmlaka qarşı cinayətlərin (oğurluq, qarət və s.) 195 mindən 171 minə düşməsi bir tərəfdən hüquq-mühafizə orqanlarının preventiv tədbirləri və Avstriyanın əmin-aman ölkəyə çevrilməsi ilə izah olunur, digər tərəfdən isə həm ölkə əhalisi, həm də turistlərdə Avstriyada təhlükəsizliklə bağlı subyektiv hissləri gücləndirir.

Baş vermiş cinayətlərin 60 faizi Avstriya vətəndaşları, 40 faizi isə digər ölkə vətəndaşları tərəfindən törədilib. Əcnəbi vətəndaşlar arasında ilk yerdə rumınlar (4 faiz), sonrakı yerlərdə isə alman (3,6 faiz) və serblər (3,58 faiz) dayanırlar.