Azərbaycan Ombudsmanı Ankara şəhərində Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)


Digərləri 03 May 2019 22:28:34 152 0

Azərbaycan Ombudsmanı Ankara şəhərində Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)

Azərbaycan Ombudsmanı Elmira Süleymanova, Türkiyənin Ankara şəhərində Türkiyə Milli İnsan Hüquqları və Bərabərlik Qurumu tərəfindən təşkil olunan “Ailənin qorunması hüququ” mövzusunda Beynəlxalq Simpoziumda iştirak edib.

Bakı. Azərbaycan Ombudsmanı Elmira Süleymanova, Türkiyənin Ankara şəhərində Türkiyə Milli İnsan Hüquqları və Bərabərlik Qurumu tərəfindən təşkil olunan “Ailənin qorunması hüququ” mövzusunda Beynəlxalq Simpoziumda iştirak edib. Trend-ə Aparatın mətbuat xidmətindən verilən məlumata görə, 16 ölkədən insan hüquqları üzrə ekspertlərin, həmçinin BMT, Avropa İttifaqı, Avropa Şurası və başqa beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə Ombudsman Ailənin qorunmasında mediasiyanın rolu və Azərbaycan təcrübəsi mövzusunda məruzə ilə çıxış edib. Ailə anlayışının cəmiyyət içində tarixi inkişafına toxunan Ombudsman müasir dünyada həyatın bütün sahələrində baş verən sürətli dəyişimlərin ailə bütövlüyünə göstərdiyi təsirlərə diqqət çəkib. Gender bərabərliyinin ailənin təməlini gücləndirdiyini vurğulayan Ombudsman 1918-ci ildə ilk dəfə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi bəyannamədə hətta bir çox Avropa ölkəsindən öncə qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüquqlarının verildiyini qeyd edib. Ombudsman həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, sonra isə digər fakültələr əhatə olunmaqla “İnsan hüquqları” fənninin tədrisinə başlanıldığı, bundan əlavə Ombudsmanın təklifi ilə bir neçə ildir ki, BDU-da “Genderə giriş” fənninin tədris olunduğu və bu fənn üzrə dərs vəsaiti - mühazirələr toplusunun hazırlanaraq nəşr etdirildiyi barədə məlumat verib. Ombudsman ölkəmizin müxtəlif regionlarında keçirilən içtimai dinləmələrdən danışaraq əhalinin bütün qruplarının hüquqlarının səmərəli müdafiəsi istiqamətində görülən işlər barəsində məlumat verib. Ailələrdə boşanma hallarının qarşısının alınmasında mühim rola malik mediasiya konsepsiyasının öyrənilməsi və tətbiq edilməsi üçün Avropa Şurası ilə birgə treninqlərin təşkil olunduğunu qeyd edən Ombudsman həmçinin Ombudsmanların Bakı Beynəlxalq Konfranslarında ailə daxili münaqişələrin həllində mediasiya üsulunun tətbiqinin təşviq olunması ilə bağlı fikirlər səsləndirdiyini bildirib.