Yırtıcıların hücumlarının intensivləşməsi ilə bağlı işçi qruplar yaradıldı


Digərləri 03 May 2019 17:14:00 249 0

Yırtıcıların hücumlarının intensivləşməsi ilə bağlı işçi qruplar yaradıldı

Özünümüdafiə və təsərrüfatını qorumaq məqsədilə canavarın vurulmasına görə vətəndaşı heç bir cərimə və cəza gözləmir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, 1979-cu ildə qəbul olunan, Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorunması Konvensiyası canavarların ovlanmasını qadağan edir. Azərbaycan bu Konvensiyanı 1999-cu ildə ratifikasiya edib.

H.Əlizadə qeyd edib ki, bu səbəbdən də istisnalar olmaqla, bir sıra vəhşi heyvanların, o cümlədən canavarların ov obyekti kimi vurulmasına icazə verilmir: "Meşənin içində, canavar və digər vəhşi heyvanların təbii areallarında onları səbəbsiz olaraq, əyləncə naminə öldürmək olmaz.

Vətəndaşların təhlükəsizliyi nöqteyi-nəzərindən canavarların sayının tənzimlənməsi mümkündür, lakin bu elmi əsaslarla həyata keçirilməlidir. Belə ki, əgər canavar yaşayış məntəqəsinə və ya otlaq sahələrində otlayan mal-qaraya hücum edirsə və bu hal təkrarlanaraq əhalinin təhlükəsizliyinə, kənd təsərrüfatı heyvanlarına ciddi təhdid yaradırsa, onun vurulması, sayının tənzimlənməsi mümkündür. Buna görə heç bir cərimə və ya cəza tətbiq olunmur. Çünki Azərbaycan qanunvericiliyində özünümüdafiə tədbirləri üçün xüsusi maddələr mövcuddur və kəndli yaxud, təsərrüfat sahibi yırtıcıların hücumları zamanı özünü, təsərrüfatını qorumaq hüququna malikdir".