Əli İnsanovun "qayıtmaqlığı": kinli, qisasçı və kəfənli iddiaçı


Siyasət 03 May 2019 14:17:00 235 0

Əli İnsanovun "qayıtmaqlığı": kinli, qisasçı və kəfənli iddiaçı

Qisas almağa çalışan kəs həmişə ədaləti bayraq edir. O, ədalətin bərpa olunmasına can atdığını deyir, halbuki bir zaman darmadağın etdiyi ədalətlə viran qoyduğu vicdanın xərabələrində dolaşaraq kimlərəsə, nəyə görəsə xitab edir.

Keçmiş səhiyyə naziri Əli İnsanov 14 illik həbsindən sonra "Amerikanın Səsi"nə müsahibə verib. O, yeni müxalif siyasi partiya yaradacağını deyib, hakimiyyətə suçlamalar ünvanlayıb, Azərbaycanın daxili və xarici siyasətini tənqid edib.

Suallara masanın üzərinə, qarşısına qoyduğu və əlləri ilə qapadaraq gizlətməyə çalışdığı vərəqlərdən qiraətlə oxuyaraq cavab verən Əli İnsanov müsahibənin "spontan" olduğunu, özünün də "improvizə" etdiyini nümayiş etdirməyə çalışırdı.

Halbuki suallar da əvvəlcədən hazırdı, cavablar da.

"Yeni siyasi qüvvə yaradacağını" bəyan edən Əli İnsanovun açıqlamasının məhz  indi səslənməsi təsadüf deyil. O, həbsxanadan çıxandan bəri Qərbdəki "Azərbaycanı sevən" strukturlarla danışıqlar aparıb, Bakıdakı bir neçə səfirlkdə hesabat verib. "Amerikanın səsi"nə müsahibədə səslənən açıqlama da Qərbin guya onu dəstəkləməsi ilə bağlı görüntü yaratmaq istəyidir.

Nə olsun ki, İnsanovun Bakıdakı səfirliklərə israrlı müraciətləri çox, onu qəbul edənlər az olub. Danışanlar da sırf texniki işçilərdi.

Adam ciddi, nüfuzlu, çəkili görünmək istəyir.

Özünü müsahibənin əvvəlində Uinston Çörçillə bənzədən, sonra Ronald Reyqanla eyniləşdirməyə meyllənən, bir qədər keçdikdə "demokratiya fədaisi" və "azadlıq mübarizi" olduğunu vurğulayan, ən başlıcası isə AXCP, Müsavat və "Milli Şura" ilə "əməkdaşlıq" edəcəyini vurğulayan Əli İnsanovun açıqlamalarının leytmotivini kin, qisas yanğısı təşkil edir.

"Dəvəni zınqırovla qorxutmaq istəyirlər", "Məni qorxutmaq mümkün deyil - kəfənim boynumdadır" və bu kimli abberasiyalara varan Əli İnsanov ciddi təqib olunan, hakimiyyətin ən çox "çəkindiyi" və deməli, "müxalifətin vahid lideri" olmağa "ən layiqli adam" görüntüsü yaratmağa çalışır.

Əslində o, özü də bilmədən AXCP, Müsavat və "Milli Şura"nın indiki durumunu riyazi dəqiqliklə səciyyələndirib: radikallaşmış müxalifət deyəsən, son çarəni kəfənli qisasçıda görür.

Hamıdan incisə də, "mənə qarşı çıxanları qınamıram, anlayıram və onlarla mütləq görüşəcəyəm" deyən Əli İnsanov əslində hamıdan və hər kəsdən qisas almaq istəyindədir.

Bu yol siyasi fəaliyyət, ictimai fəallıq və ya ağsaqqallıq yox, fəlakət carçılığıdır.

Əli İnsanov 73 yaşındadır. Bu sinndə insanlar həyatın ahıl, şüurun və dünyagörüşün müdriklik mərhələsini yaşayırlar. Onlar insanları sülhə, soyuqqanlı olmağa, vətəni, milləti və dövləti sevməyə çağırırlar.

Əli İnsanov isə siyasətə olan subnormal sevgisindən dolayı özü ilə radikallaşmış müxalifət düşərgəsinə aqressiya, cəmiyyətə isə qarşıdurmalar, düşmənçilik və fəlakət vəd edir.

O, yolunu özü seçib, müstəqil qərar verib? Düşünmürəm, çünki həbsinin son 5 ilində olduğu kimi, Əli İnsanov xaricdəki bəlli strukturların və qurumların Azərbaycan hökumətinə "təzyiq vasitəsi" kimi çıxış edir.

Sadəlövh, yanlış və bəsit seçimdir.

Əli İnsanovu önə çəkməyə çalışanlar unudublar ki, Azərbaycana təzyiq etmək, hansısa fiqurantları və aktyorları səhnəyə yollamaqla rəsmi Bakını mövqelərdə dəyişikliyə vadar etmək sadəcə, mümkün deyil.

Kimdir zati-möhtərəm, kəfənli və qətiyyətli Əli İnsanov? Əvvəlcə bu sualı cavablayaq ki, indi qisas yanğısı ilə alışıb-yanan bu ahıl kişinin mənəviyyatının, batinin və şüurunun formatını anlayaq.

2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra bütün titulları,  o cümlədən akademik fəxri adı əlindən alınmış Əli İnsanov bu ilin martın 17-də Azərbaycanın dövlət başçısının əfv sərəncamı ilə azadlığa buraxılıb.

14 il əvvəl, aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə keçmiş səhiyyə naziri Əli İnsanov və daha 10 nəfərin işi üzrə proses başa çatmışdı.

Əli İnsanovla birgə müttəhimlər kürsüsündə əyləşən 10 nəfər keçmiş səhiyyə işçisi və Əli İnsanovun qohumlarının məhkəmə araşdırması təqribən 3 ay çəkdi.

Hakim Faiq Qasımovun sədrliyi ilə hakim heyəti Əli İnsanova cəzasını ümumi rejimli islah müəssisəsində çəkməklə 11 il həbs cəzası kəsdi.

Bundan başqa, Əli İnsanova məxsus 1 milyon manat dəyərində qızıl-zinyət əşyaları, 3 milyon manat dəyərində mənzil və bağ evləri, Mersedes markalı maşın müsadirə olundu. Ümumilikdə keçmiş səhiyyə naziri Cinayət Məcəlləsinin 7 maddəsi ilə, dövlət əmlakını talama və mənimsəmə, rüşvətxorluq, vəzifə səlahiyyətlərini aşmaqda və digər vəzifə cinayətlərində təqsirli bilindi.

Bu, Əli İnsanovun interpretasiyasındakı "məşəqqətli proses" idi.

Gerçəksə odur ki, elə həmin vaxt, həmin günlərdə Əli İnsanov dövlət başçısı İlham Əliyevə məktub yollayaraq əfv olunmasını təvəqqe etmişdi. Daha doğrusu, yalvarmışdı.

"Qarşınızda xəcalət çəkirəm, böyük günah iş tutmuşam"

Həmin məktubdan bəzi iqtibasları xatırladım:

".. Möhtərəm prezident! Qarşınızda xəcalət çəkirəm, böyük günah iş tutmuşam, aldanmışam. Mən 15 il əvvəl Ulu Öndər Heydər Əliyevin siyasi platformasına qoşularkən, məqsədim onu qara qüvvələrdən qorumaq, səhhətinin bərpa olunmasına yardımçı olmaq idi.

Həyatımın böyük rəğbətlə sevdiyim Heydər Əliyevlə bağlı hissəsi sizin gözlərinizin qarşısında keçib.

Ulu Öndərimizdən sonrakı dövrdə sanki mənim dünyam da dəyişdi, həyata, insanlara küskün düşdüm, mənə belə gəlir psixoloji durumum da dəyişdi, yəqin ona görə də bunu hiss edən müxalif qüvvələr ardı-arası kəsilmədən məni öz tərəflərinə çəkmək, təsirləri altına salmağa çalışırdılar.

Perspektivsiz, ölkədə heç bir nüfuzu olmayan avanturistə qoşulmağım əcaib və bağışlanmazdır, nifrətə layiqdir. Ancaq Sizin yüksək humanistliyinizə və böyük qəlbinizin olmasına da bələdəm. Mənim Ümumilli Liderimiz Heydər Əliyevin qarşısında az da olsa xidmətlərimi nəzərə alıb ilk və son səhvimi əfv etməyinizi dönə-dönə xahiş edirəm.

Böyük mərhəmətinizlə 60 yaşımı, dəfələrlə cərrahi əməliyyatlara cəlb olunduğumu, hal-hazırda səhhətimdə baş verən ciddi problemləri nəzərə alaraq məni bağışlayasınız, ailə üzvlərimə hədsiz sevinc, mənim özümə isə ikinci həyat bağışlamış olarsınız".

Əli İnsanov bu məktubu yazdığını danır, "əslini göstərin" deyir. Əsli var, ahıl sabiq nazir, var. Sadəcə, İnsanovdan fərqli olaraq, onun nifrət bəslədiyi və "qanını içməyə hazır olduğu" (ifadə İnsanovun "sipəhsa"larından birinə məxsusdur) hakimiyyət sabiq səhiyyə nazirliyindən fərqli olaraq, mənəviyyat və əxlaq kriterilərinin nə olduğunu unutmayıb.

Qəddar, yalançı, tamahkar və rüşvətxor İnsanov

Verdiyi bəyanatlarda özünü demokratiya uğrunda sarsılmaz mübariz kimi qələmə verməyə çalışan Ə. İnsanovun reallıqla əlaqələrini itirdiyi və yaddaş problemləri yaşamasını ehtimal etməyə imkan verərdi.

Belədirsə, "mən siyasətdən getməmişdim ki" deyərək özünü eynən Siciliya "xaç ata"larından biri kimi qələmə verməyə can atan Əli İnsanovla işim yox.

Amma cənab İnsanovda yaddaşsızlıq, demensiya (Alsgeymer) və s. bu kimi problemlərin olduğunu sanmıram. Əksinə, qisas yanğısı yaddaşı ehtiva edir: qüsurlu və fəsadlı formada olsa da.

Müsahibənin ən mənasız məqamı isə Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün aparılmış erməni işğalçlığına haqq qazandırılmasıdır.

O, erməni aqressiyasına "hakimiyyətin xalqa qarşı aqressiv siyasət yürütməsi faktı" ilə bəraət qazandırır. Erməni agitpropunun uzun illərdir işlətdiyi bu mifologemin Azərbaycanda nazir olmuş və hazırda ciddi siyasi iddialara düşmüş şəxs tərəfindən dilə gətirilməsi sadəcə fiaskodur.

Nazir olan zaman İrəvan səfəri zamanı ermənilərlə qol götürüb oynaması, azərbaycanlı jurnalistlərə "bas bayıra" deməsi ilə yadda qalan qızıldiş sabiq nazir Dağlıq Qarabağın azad olunması üçün heç bir halda müharibə yolu tutmayacağını, yalnız sülh yolu seçəcəyini vəd edir. Belə adamın erməni təbliğat maşınının tezislərindən istifadə etməsi təəccüblü deyil.

Əli İnsanov ədalətdən, demokratiyadan, vətəndaş cəmiyyətindən, qanunun aliliyindən danışır. Utanmadan, etdiklərini və dediklərini unutduğumuzu düşünərək.

Unutmamışıq. Müasir Azərbaycan tarixində ən rüşvətxor, korrupsioner nazirlərdən biri, bəlkə də birincisi olmuş Əli İnsanovun əməllərini bir daha sadalamaq fikrindən uzaq olsaq da, bir para məqamları xatırladım.

"Amerikanın səsi" radiostansiyasına verdiyi müsahibəsində o, deyib: "Mən heç yerdə regionçu olduğumu dilə gətirməmişəm. Mənim ətrafımda tək ermənistanlılar olmayıb, mənim sürücüm bakılı olub, köməkçim tovuzlu olub, katibəm lənkəranlı olub. Əlliyə yaxın alim yetişdirmişəm. Onların içində cəmi 5-6 nəfər ermənistanlı olar. Mən hər zaman bacarıqlı, talantlı insanları yanımda saxlamışam. Regionçuluq böyük xəstəlikdir. Bu xəstəliyin məndə olmadığına həkim kimi sizi inandırmaq istəyirəm".

İnandıqmı? Qətiyyən, çünki ağ yalan danışır 73 yaşlı bu adam.

Əli İnsanov naturasından utanmamış nadir rüşvətxorlardan idi. Onun nazir olduğu dönəmdə Azərbaycan səhiyyəsi yalnız kağız üzərində pulsuz idi. Ölkədə hər kəs əla bilirdi ki, xəstəxanalara və ya poliklinikalara pulsuz ayaq basmaq mənasızdır.

Ağır xəstə, həyatı təhlükədə olan adamlara belə, pulu olmadığına görə zəruri tibbi yardımın göstərilməməsi ilə bağlı faktların nə sayı vardı, nə hesabı.

Üstəlik, məhz Əli İnsanovun nazir postunda yırtıcı idarəçiliyi sayəsində Azərbaycanda evdə doğuşların sayı ifrat dərəcədə artmışdı. Özü də əyalətlərdə yox, Bakıda da.

Bunu anlayan Əli İnsanov problemi həll etmək, rəvac verdiyi korrupsiyanı azaltmaq əvəzinə dünyaya gəlmiş uşaqlara doğum şəhadətnaməsinin yalnız doğum evindən arayışın təqdim olunmasından sonra verilməsinə nail oldu. Yəni evdə doğuş edən analar belə, övladına doğum şəhadətnaməsi almaq üçün mütləq doğum evlərində rüşvət verməli idi.

Azərbaycanda erkən nikah probleminin ağır vəziyyətə çatdırılmasında Əli İnsanovun müstəsna xidmətləri olmuşdu. Məhz onun göstərişindən sonra doğum evlərində hətta yetkinlik yaşına çatmamışların doğuşları qəbul olunurdu. Həkimlər 14 yaşlı qızın doğuş üçün gətirildiyini görsələr də, susur, hüquq-mühafizə orqanlarına məlumat vermirdilər.

Çünki qorxurdular: danışsaydılar, məlumat versəydilər, işsiz qalacaqdılar.

Əli İnsanov bu ilin martın 17-də əfv fərmanı ilə azadlığa çıxanda jurnalistlərin qarşısında məğrur pozada duraraq demişdi ki, sən demə, həbsxanada "kişi kimi yatıb", hansısa "kodeks"lərə riayət edib və s.

Halbuki həbsxana nəzarətçilərinin dediklərinə görə, oğlu Əli İnsanovla görüşə gecikəndə sabiq nazir sinirlənir, qışqırır, hətta əsa ilə oğlunu vururmuş.

Əli İnsanov elmlər doktorudur, ixtisası həkim-ftiziator və pulmonoloqdur. Vərəm, yəni tuberkulyoz barədə kitabı da var. Lakin onun nazir orlduğu illərdə məhz vərəm Azərbaycandakı məhbusların 1 nömrəli qatili idi.

Ölkəmiz o illərdə Avropa Birliyi ilə sıx əməkdaşlığa başlamışdı və məhz bu səbəbdən məhbusların müasir metodlarla müalicəsi tələb olundu.

"Amerikanın səsi"nə müsahibəsində Əli İnsanov deyir: "Mübarizənin məqsədi, Azərbaycanda insan azadlığı, insan haqlarının bərpa olunması, ... şərlənib həbsxanaya salınmış çox dəyərli vətəndaşlarımızın azadlığa çıxması, məhbusların qayğısına qalınması və s.-dir".

Yəni sən demə, Əli İnsanov hazırda həbsdə olan soydaşlarımızın taleyindən nigarandır, onları düşünür, onların durumlarından dolayı qayğılanır.

Yenə də yalan, ikiüzlülük, saxtakarlıq.

Çünki Əli İnsanovun nazir olduğu zamanda istisnasız olaraq hər (!) məhbus müalicə almaq üçün rüşvət verməliydi. Penitensiar Xidmət problemi həll etməyə çalışıb DOTS (Directly Observed Treatment, Short-course) adlı həkimin nəzarəti altında, amma qısamüddətli müalicə kurslarını tətbiq etmək istəyəndə Əli İnsanov az qala daş atıb, başını tutmuşdu. O, dünyanın əksər ölkələrində tətbiq olunan DOTS-a qarşı çıxdı.

Amma Penitensiar Xidmət geri çəkilmədi, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin maliyyə dəstəyi ilə DOTS-ün tətbiqinə başladı.

Məhz bunun nəticəsində həbsxanalarda və islah-əmək düşərgələrində tüğyan edən vərəmlə bağlı problem çözüldü.

Əgər Səhiyyə Nazirliyinin o dönəmki rəhbərinin dediyi olsaydı, yüzlərlə, minlərlə vətəndaşımız həyatı ilə vidalaşmışdı.

Bu idi Əli İnsanovun "şəfqət, humanizm və qayğı"sı.

"Mən hər zaman bacarıqlı, talantlı insanları yanımda saxlamışam" deyən bu yalançı qocanın nazir olduğu zamanlarda onun göstərişi ilə rəhbər vəzifələrə, baş həkim və s. postlara yalnız "sədaqətli, sınnamış" adamlar təyin olunurdu. Sonucda xəstəxanaların bəzilərində heyət üçün zəruri sayda peşəkarlar çatışmadı. Belədə Əli İnsanov "Avropa standartlarına keçid və sistemin yenilənməsi" adı ilə bir neçə xəstəxananı, klinikaları və poliklinikaları qapatdı, dövlət mülkiyyəti olan bu strukturları özəlləşdirdi və satdı. Onun göstərişi ilə aparılan bu əməliyyatlardan təbii ki, İnsanova da "pay" çatırdı.

"Korrupsiya ilə mübarizə" aparacağını vəd edən Əli İnsanov nazir olduğu dönəmdə təxminən 2,5 milyard dolları dövlət büdcəsindən mənimsəmişdi.

Sadəcə bir fakt: həmin dönəmdə Türkiyənin ən zəngin iş adamının varidatı 2,15 milyard dollar idi.

1993-2005-ci illərdə səhiyyə naziri olmuş Əli İnsanovun villalarında axtarış aparılanda 1,289 milyon dollar və 884 min avro nağd pul, 25 kq qızıl, brilyant zinət əşyaları və qızıl külçələr, 17 çox bahalı sənət əsəri, Səhiyyə Nazirliyindəki iş kabinetində isə 20 min dollar nağd pul aşkarlanmışdı.

Qiyamın "boz kardinal"ı

"Amerikanın səsi"nə verdiyi müsahibəsində Əli İnsanov "Azərbaycanı Avropaya aparmaq" missiyasına üzərinə götürdüyündən bəhs edir.

Primitiv yalan və yeni oyun.

Nədən ki, 14 il əvvəl Əli İnsanov Azərbaycanı xaosa aparmaq istəmişdi.

2005-ci ilin oktyabın 20-də həbs olunmuş Əli İnsanov qiyam və çevriliş ssenarisinin ən fəal müəlliflərindən idi. Onun "silahdaş"ları arasında o dönəmdə iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyev və onun qardaşı, "Azpetrol"un rəhbəri Rafiq Əliyev, habelə Prezidentin İşlər İdarəsinin rəisi Akif Muradverdiyev vardı.

Həmin şəxslərin məqsədi Milli Məclisin sabiq spikeri, ABŞ-a qaçmış və orada yaşayan Rəsul Quliyevin Bakıya qayıdışını təmin etmək, sonra da dövlət çevrilişini reallaşdırmaqdı.

Qayıdış alınmadı, çevriliş cəhdi baş tutmadı, Azərbaycanda fəlakət ssenarisini reallaşdırmaq istəyən xarici güclərin stavka etdikləri adamların niyyətləri puç oldu.

Əli İnsanov isə həbsxanada adi müttəhimlərdən sadəcə, yaşı və pulu ilə fərqlənirdi. Lakin pulla ələ alınan "hüquq müdafiəçi"ləri onu "siyasi məhbus" elan edən kimi ahıl sabiq nazir fəallaşdı, fürsət yarandığını anladı və qəflətən, ani olaraq "demokratiya uğrunda mübariz"ə çevrildi.

Bəyanatlar yaymağa başladı, "siyasəti tərk etmədiyini" dedi və düşündü ki, radikal müxalifətin lideri ola bilər.

Həbs müddətinin bitməsinə az qaldıqca onun bəyanatlarında qisasçılıq, aqressiya çalarları daha da artırdı.

Əli İnsanov beləcə "siyasətçi oldu".

Halbuki sabiq səhiyyə naziri rüşvətxorluğa və korrupsiyaya görə azadlıqdan məhrum olunmuşdu.

"Amerikanın səsi" Əli İnsanovla müsahibəni "Məni qorxutmaq mümkün deyil" başlığı ilə dərc edib.

Doğrudur, 73 yaşlı sabiq naziri qorxutmaq mümkün deyil. Çünki bir çox hisslər və hadisələr kimi, o, qorxu hissini də unudub. Bu hissin varlığı normal, hətta zəruri məsələdi - tibb təhsilli İnsanov bilməmiş deyil ki, qorxu hissi şüurun özünümüdafiə instinktidi.

O instinkt hamıda var, İnsanovda da həmçinin. Həmin instinktin olmadığını iddia etmək isə pulmanologiya yox, səhiyyədə tam ayrı sahənin mövzusudur.

Elçin Alıoğlu Son.az