"Azərbaycanla birgə..."


Siyasət 03 May 2019 12:19:00 220 0

"Azərbaycanla birgə..."

"Azərbaycanla birgə taktiki təlimlərin məqsədi ortaq çalışmaqdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda təşkil olunan "Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimlərində iştirak edən Türkiyə qrupunun rəhbəri polkovnik Murat Dirik söyləyib.

Onun sözlərinə görə, təlimlər iki ölkə hərbçilərinin birgə çalışması, qarşılıqlı anlaşmanın təmin olunması və hərbi texnikanın mənimsənilməsi baxımından çox faydalıdır: "Bura motorlu piyada bölüyünün 85 nəfərlik heyətilə gəlmişik. Azərbaycan Silahlı Qüvvələrinin bizə göstərdikləri diqqətdən son dərəcə məmnunuq. Bu bizim dostluq və qardaşlığımızın dərin köklərə bağlı olmasının göstəricisidir".

Azərbaycan tərəfindən təlimin rəhbəri olan polkovnik İlqar Lətifov isə deyib ki, təlimin mövzusu hər iki dövlətin ordusunun taktiki qrupların dərinliklərinə irəliləyərək, müdafiə olunan düşmənin üzərinə hücuma keçərək, onun darmadağın edilməsi, yüksəklik və ərazi qismini ələ keçirərək möhkəmlənməkdir.

Qeyd edək ki, mayın 1-dən etibarən Azərbaycan ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, "Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirilir. Taktiki təlimlərə mindən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğuları, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub.

Təlimlər bu gün başa çatacaq.