“Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib (FOTO)


Digərləri 03 May 2019 11:01:04 208 0

“Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib (FOTO)

Bu gün Bakıda Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may - Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün Bakıda Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may - Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bu gün Azərbaycan mətbuatı kifayət qədər inkişaf edən realist, müstəqil, hadisələrə milli maraqlardan baxmağa qadir olan bir mediadır: "Azərbaycanda baş verən hadisələr bu və ya digər yolla - istər sosial şəbəkələr, istərsə də media vasitəsilə ictimaiyyətə çatdırılır. İstənilən şəxs bu yolla öz fikirlərini yaya bilir. Bu gün Azərbaycanda 3 milyon insan sosial şəbəkələrdən istifadə edir". Azərbaycan mətbuatının dünyanın inkişaf edən mediasının tərkib hissəsi olduğunu nəzərə çatdıran Ə.Amaşov bəzi problemləri də sadalayıb: "Düzdür, bu gün problemlər var və bunlar iqtisadi məsələlərdən qaynaqlanır. Əsas məqsəd odur ki, Azərbaycan mediası iqtisadi baxımdan heç bir dövlət qurumundan, iş adamından, iqtisadi mərkəzdən asılı olmayan quruma çevrilsin". "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanda mətbuat və söz azadlığı var: "Bu günün jurnalistləri çox xoşbəxtdirlər ki, belə azad şəraiti olan mətbuat orqanlarında çalışırlar. Milli mətbuatımız bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub". Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib ki, bu gün informasiya bolluğu şəraitində yalanla həqiqəti ayırd etmək çətin olur. Bu isə qlobal dünyada müəyyən neqativ hallara yol açır. Buna görə də informasiya seçimində diqqətli olmaq lazımdır.