Azərbaycanda kifayət qədər kriptovalyuta,


Digərləri 03 May 2019 09:04:00 200 0

Azərbaycanda kifayət qədər kriptovalyuta,

Azərbaycanda kifayət qədər kriptovalyuta, xüsusilə bitkoin sahibləri var.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında blokçeyn üzrə mütəxəssis Məryəm Tağıyeva-Zeynalova deyib.

Onun sözlərinə görə, Azərbaycanda texniki cəhətdən inkişaf etmiş bir ölkə kimi, ən qabaqcıl texnologiyaların tətbiqinə tələbat var: "Bakıda bitkoin alan kommersiya mənbələrinin və təşkilatların olduğunu bilənlərin sayı azdır. Azərbaycanda kriptovalyutanın ticarət tərəfinə maraq var. Əsas odur ki, ölkədə blokçeyn texnologiyasının öyrənilməsi və tətbiqi təşviq olunur. Blokçeyn texnologiyası və kriptovalyuta haqqında müntəzəm tədbirlər və təlimlər keçirilir".

Mütəxəssis bildirib ki, kriptovalyuta daha çox özəl investisiyaya oxşadığına görə həm də risklidir: "Blokçeyn texnologiyasında isə vəziyyət bir qədər fərqlidir. Nisbətən yeni olmasına baxmayaraq, blokçeyn texnologiyası artıq böyük miqdarda məlumatların idarə olunması üçün effektiv və etibarlı bir vasitə kimi özünü sübut edib. Sürət, xərc və təhlükəsizlik baxımından blokçeyn texnologiyası mövcud sistemləri yaxşılaşdırma potensialına malikdir. Texnologiya bir çox sahələrdə, məsələn, bankçılıq, logistika, təhsil sektoru üzrə tətbiqlərə malikdir. Bu səbəbdən IBM, "Microsoft", "Mastercard", "Amazon" və s. kimi iri şirkətlər öz işlərində blokçeyn texnologiyasından aktiv istifadə edirlər. Bu texnologiyanın araşdırılması və tətbiqi üçün sərmayə qoyuluşu sərfəlidir".

Ekspert qeyd edib ki, hazırda beynəlxalq bazarda bir çox kriptovalyutalar mövcuddur. Buna baxmayaraq bitkoin satışda lider mövqeyini saxlayır: "Səbəb odur ki, bitkoinin istifadəsində nisbətən rahatlıq var, bu valyuta ilə mağazalarda (məsələn, Sinqapurda, Cənubi Koreyada) ödəniş edə bilərsiniz, aviabiletlər almaq, vergi və təhsil haqqı (Almaniya, İsveçrə, Fransa və s.) ödəmək olar".

Mütəxəssis onu da deyib ki, bitkoinin qiyməti son dərəcədə dəyişkəndir.