Gürcüstan XİN rəhbəri: GürcüstanAzərbaycan birgə delimitasiya komissiyasının işi bərpa olunacaq


Digərləri 03 May 2019 06:12:00 206 0

Gürcüstan XİN rəhbəri: GürcüstanAzərbaycan birgə delimitasiya komissiyasının işi bərpa olunacaq

Gürcüstan-Azərbaycan birgə delimitasiya komissiyasının işi bərpa olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Keşikçidağ (David Qareci) monastır kompleksi ətrafında mövcud olan vəziyyəti şərh edərkən deyib.

D.Zalkaliani bildirib: "Biz Azərbaycan tərəfi ilə razılığa gəldik ki, yaxın vaxtlarda Gürcüstan-Azərbaycan birgə delimitasiya komissiyasının iclası bərpa edilsin və monastır kompleksinin ayrı-ayrı hissələrində hərəkət mövcud praktika nəzərə alınmaqla maneəsiz həyata keçiriləcək".

Onun sözlərinə görə, o, məsələ ilə bağlı Gürcüstan baş nazirinin sərəncamı əsasında azərbaycanlı həmkarı ilə intensiv ünsiyyətdə olub.

Nazir qeyd edib ki, yaxın günlərdə delimitasiya komissiyasının yenilənmiş heyətinin komplektləşdirilməsi başa çatacağı və onun işi bərpa olunacağı barədə razılıq əldə olunub: "Mən ictimaiyyətə məlumat vermək istəyirəm ki, bütün bu müddət ərzində mən baş nazirin tapşırığı ilə azərbaycanlı həmkarım ilə daim əlaqəda olmuşam. Biz mütləq münasibətlərimizi rəhbər tutacağıq. Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Təbii ki, məsələnin incəliyi səbəbindən, biz mövzuya xüsusi ehtiyatla yanaşırıq, biz Azərbaycan tərəfi ilə razılığa gəldik ki, yaxın vaxtlarda birgə delimitasiya komissiyasının iclası keçiriləcək. Komissiyanın tərkibini yeniləmək lazım idi və sərhədlərin delimitasiyası və demarkasiyası haqqında sazişin əldə olunması məqsədi ilə komissiya yaxın vaxtlarda fəaliyyətini bərpa edəcək".