Yevlaxda alaq otları taxıl sahələrini bürüyüb


Digərləri 02 May 2019 21:44:00 248 0

Yevlaxda alaq otları taxıl sahələrini bürüyüb

Yabanı halda bitən alaq otları Yevlaxda taxıl sahələrini bürüyüb. Yağışdan sonra çoxalan sarıçiçək, türpəng və yabanı yonca torpağa sanki xalı kimi sərilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Yevlaxın bəzi ərazilərində ziyanverici alaq otları buğda və arpadan hündür olmaqla hektarlarla əraziyə yayılıb. Fermerlər türpəngin sahələri bürüməsini buğda və arpanın inkişafına mənfi təsir göstərdiyini deyirlər. Biçin vaxtı kombaynların işinə mane olan bu otlar məhsulun yığımını da ləngidir. Bəzən qurumuş halda olan sarıçiçək və türpəng şaxları texnikaların hərəkətini çətinləşdirir. Zəmilərdə taxıldan çox gözə dəyən bu bitkilər əsasən toxum vasitəsilə yayılır.

Çiçəklənmə dövründə olan alaq otlarını məhv etmək üçün əkin sahələrində vaxtaşırı dərmanlama işi aparılmalıdır. Mütəxəssislər ziyanverici alaq otlarından qurtulmaq üçün növbəli əkinin vacib olduğunu deyirlər.

Qeyd edək ki, bu il Yevlax rayonunda 11 min 713 hektarda taxıl əkilib.