Uşaq niyə pis yeyir?


Digərləri 02 May 2019 21:35:00 239 0

Uşaq niyə pis yeyir?

Demək olar ki, hər bir ana bu problemlə üzləşir. Müəyyən müddətə qədər uşaq ananın verdiyi hər bir yeməyi həvəslə yeyir. Birdən o hətta sevdiyi yeməkdən belə imtina etməyə başlayır.

Uşağınızın səhhəti barədə nəticə çıxarmağa tələsməyin. İştahanın təsadüfi və davamlı olmayan müddətə azalmasını çox da narahatlıqla qəbul etməyin.

Uşaq hər hansı bir kəskin xəstəliyə tutulan zaman iştahası müvəqqəti olaraq azalır. Bu zaman ona verilən yeməyi zorla, axıra qədər yeməsini təkid etmək məsləhət deyil. Uşağa daha çox meyvə, tərəvəz, su, müxtəlif şirələr (xüsusilə yüksək hərarət zamanı) və daha yüngül, yarımduru yeməklər verin.

Daimi olan iştahasızlıq çox pis göstəricidir. Yanaşı olaraq uşaq tez-tez xəstələnirsə və inkişafına görə də yaşıdlarından geri qalırsa, bu daha da təhlükəli bir haldır. Belə halda mütləq həkimə müraciət etmək lazımdır.

Bəs uşağın iştahasını necə yaxşılaşdırmaq olar? Hər şeydən əvvəl bütün yaş dövrlərində olan uşaqların gündəlik rejimini qaydaya salmaq lazımdır. Uşaq tez-tez təmiz havaya çıxarılmalı, hərəkətdə olmalıdır. Zəifləmiş uşaqlar daha çox istirahət etməlidirlər. Onlar erkən yatmalı, səhərlər daha gec oyanmalıdırlar. Günorta mütləq yatmalıdırlar.

Heç bir halda, yeməkdən 1-2 saat qabaq uşağa şirniyyat, şirələr, qazlı içkilər vermək olmaz!

Uşaqlarda iştahanın pis olmasının səbəbi, əksər hallarda qida rejiminin pozulmasıdır. Əksər hallarda uşaqlara həddən artıq yağlı, şirin qidalar verilir. Bu zaman onların növbəti qidalanmaya qədər acması ləngimiş olur. Əvvəl yediyi qidanı həzm etmək və aclıq hiss etməsi üçün uşağa bir qədər vaxt vermək lazımdır.

Heç bir halda uşağın başını qataraq və onu əyləndirərək yedizdirməyə çalışmayın. Bu, iştahanın uzun müddətli itirilməsinə səbəb ola bilər. Çünki yemək zamanı uşağın fikri bütünlüklə oyuncaqlara, kitablara, nağıllara, qohumlar tərəfindən qurulmuş "sirk" tamaşalarına yönəlir. Bu zaman həzm şirələrinin ifrazı kəskin şəkildə ləngiyir və nəticədə qidanın həzm edilməsi də pisləşir.

Bundan başqa, yemək zamanı uşaqlar üçün multiplikasiya filmlərinə baxmağa şərait yaratmaq, yemək yeyəcəkləri halda onlara hədiyyələr vəd etmək, daha böyük uşaqlara isə yeyərkən kitab oxumağa icazə vermək olmaz.

Digər tərəfdən, uşagı zorla yedizdirmək, yemədiyi üçün onu danlamaq, üstünə qışqırmaq da olmaz! Bütün bunların nəticəsində sonda valideynlər yalnız bir şeyi əldə edirlər - uşaqda istənilən qidaya nifrət hissi yaranır.