Prezident İlham Əliyev: "Coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir"


Siyasət 02 May 2019 20:21:00 206 0

Prezident İlham Əliyev: "Coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir"

Bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, nəqliyyat sahəsinə qoyulan sərmayələr avtomatik olaraq regionda daha da proqnozlaşdırıla bilən vəziyyət yaradır ki, burada ölkələr birgə faydalanır:

"Bizim siyasətimiz əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı fayda vasitəsilə məqsədlərimizə nail olmaq və ölkəni gücləndirməkdən ibarətdir.

Enerji təhlükəsizliyi ilə bağlı siyasətimizdə də biz hər zaman istehsalçı, tranzit dövlətlər və istehlakçılar arasında lazımi balansı tapmağa çalışırıq. Burada hər bir tərəf fayda görməsə, uğurdan söhbət gedə bilməz. Biz hər zaman tərəfdaşlarımızın ehtiyacı olduğu vaxt onlara dəstək verməyə hazır olmalıyıq. Eyni zamanda, lazım gəldikdə onlardan da eyni dəstəyi gözləyirik.

Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Xəritəyə baxsanız Şərqdən-Qərbə, Şimaldan-Cənuba gedən nəqliyyat marşrutları ölkəmizin ərazisindən keçdiyini görərsiniz. Buna nail olmaq üçün isə gərgin işləməli olduq. Burada coğrafiya kifayət deyil, bu, yalnız ilkin şərt, zəruri element sayıla bilər. Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırdıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir.

Əziz dostlar, Azərbaycanda keçirilən bugünkü Forum əlamətdar hadisədir. Bir daha bu Forumda iştirak edən bütün tərəfdaşlar, tərəfdaş təşkilatlar, ziyalılar, alimlər, siyasətçilər, ictimai xadimlər, QHT və media nümayəndələrinə minnətdarlığımı bildirirəm. Əminəm ki, müzakirələr səmərəli olacaq və bunun nəticəsində müvafiq tövsiyələr veriləcək və ölkələrin gələcəyi və regional inkişafla bağlı qərar qəbul edən şəxslər bizim tövsiyələrimizi nəzərə alacaq, beləliklə, dünya daha sabit və təhlükəsiz olacaq".

Son.az