ADU-da Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib


Digərləri 02 May 2019 15:16:01 199 0

ADU-da Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) bu təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) bu təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, əvvəlcə ADU rəhbərliyi və konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, universitetdəki büstü önünə tər-çiçəklər qoyublar. Daha sonra konfrans iştirakçıları universitetdəki yeniliklərlə, strukturla tanış olublar. Konfransda Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib, ADU-nun fəaliyyətini və uğurlarını əks etdirən videoçarx nümayiş olunub. ADU-nun rektoru, akademik Kamal Abdulla məzunları universitetdə görməkdən məmnun olduğunu bildirib. Kamal Abdulla deyib ki, Dillər Universiteti məzunlar üçün doğma ocaqdır: “Universitetin məzunları arasında regionların müxtəlif yerlərindən gələn məktəb müəllimlərimiz, yüksək mövqe tutan insanlar var. Burada Azərbaycan ziyalılarının yüksək təbəqələrindən olan məzunları görürəm. Milli Məclisin, Azərbaycan hökumətinin üzvlərini, nazirləri, ömürlərini Azərbaycan diplomatiyasına həsr etmiş insanları, mədəniyyət xadimlərini salamlayıram. Biz onlarla fəxr edirik. Siz oxuduğunuz vaxtdan Dillər Universiteti xeyli dəyişib. Bu, dəyişiklik üzü müsbətə doğrudur. Ulu öndər Heydər Əliyevin hakimiyyəti zamanı və ondan sonra da bu siyasəti ləyaqətlə davam etdirən prezidentimiz İlham Əliyevin birbaşa müdaxiləsi və səyi nəticəsində Azərbaycan təhsil sistemi kökündən dəyişib və sürətlə inkişaf ritminə düşüb. Bu gün həmin Dillər Universiteti mənən yenilənmiş təhsil sisteminin bir halqası kimi bütün cəmiyyətimizin diqqət mərkəzindədir. Dillər Universiteti 1973-cü ildən – ayrıca universitet kimi fəaliyyət göstərdiyi vaxtdan öz gözəl ənənələrini ləyaqətlə davam etdirir. Bilirəm ki, hamınızın qəlbi riqqət və şəfqətlə doludur. Hamınız bu gün xüsusi hisslər keçirirsiniz. Bəlkə də bu auditoriyalardan kimsə dərsdən qaçıb, ilk məhəbbətini, ilk dostluğunu burada tapıb. Ən müxtəlif hisslər bizim hamımızı birləşdirir. Mənim həyatımın mənalı dövrü bu universitetin çərçivəsində keçib. 1983-cü ildən 2000-ci ilədək burada kafedra müdiri kimi çalışmışam. Bu görüşün 1 may tarixini seçməyimizin də rəmzi mənası var. Ulu öndərin anadan olmasının 96-cı ildönümü yaxınlaşır. Güman edirəm ki, burada Assosiasiyanın yaradılması həmin tarixlə səsləşən hadisədir. Bu universitet ulu öndərin bilavasitə yaratdığı universitetdir. Mən inanıram ki, universitet onun tövsiyələrindən, Azərbaycan xalqına verdiyi töhfələrdən biri kimi öz məsuliyyətini, rolunu cəmiyyət, ölkə daxilində və xaricində yaxşı başa düşəcək”. Rektor Məzunlar Assosiasiyasının təsis olunması münasibətilə bu təhsil ocağının məzunu olmuş Baş nazir Novruz Məmmədovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. ADU-nun məzunu olmuş mədəniyyət naziri Əbülfəs Qarayev assosiasiyanın yaradılmasını məntiqli, düzgün və uzaqgörən qərar kimi dəyərləndirib: “Dünyadakı məzunlar assosiasiyaları müxtəlif layihələrin gerçəkləşməsində, insanların bir-birinə dəstək olmasında çox böyük rol oynayır. Bu universitetin yaradılması ulu öndərin uzaqgörənliyini, böyük siyasi düşüncə sahibi olduğunu sübut edir. Bu ali təhsil ocağının yaradılması Azərbaycan xalqının dünya miqyasına çıxması üçün böyük bir tramplin yaratdı. Bunun nəticəsində artıq dünyada Azərbaycanı təmsil etməyə və böyük uğurlar qazanmağa başladı. Müstəqilliyin qədrini bilmək lazımdır. Bu gün burada qurulan əlaqələr, ikili diplomlar, müxtəlif ölkələrlə tədris proqramlarının birgə həyata keçirilməsi yalnız müstəqilliyin nəticəsi kimi qəbul olunmalıdır. Prezidentimizin apardığı siyasət nəticəsində Azərbaycanda bu qədər beynəlxalq tədbirlər keçirilir. Bu gün könüllülük proqramı çərçivəsində ADU-nun tələbələri beynəlxalq tədbirlərdə minlərlə qonaqların qarşısına çıxır, onları müşayiət edir, dostluqlar yaradırlar. Bu universitetin məsuliyyəti olduqca böyükdür. Çünki bura artıq böyük elmi araşdırma və təhsil ocağına çevrilib. Burada işləyən müəllimlər yüksək səviyyəli, peşəkar insanlardır. Tələbələrin vəhdəti, onların güc birliyi, sözsüz ki, bu universitetin daha geniş şəkildə fəaliyyətini təmin etməyə lazımi vasitədir”. Sabiq xarici işlər naziri Hüseynağa Sadıqov assosiasiyanın çox önəmli işlər görə biləcəyini söyləyib: “Dünyada mövcud olan məzunlar assosiasiyaları ilə əməkdaşlıq edib müəyyən təcrübələr qazanmaq və həyata keçirmək olar. Təhsil sistemi xalq üçün əhəmiyyətlidir. Assosiasiya məzunların işlərini koordinasiya etməlidir, hazırda təhsil alan tələbələrimizə yardım göstərməlidir. Məzunların Assosiasiyasının fəaliyyətində uğurlar arzu edirəm”.