Şəhid Əlizaman İslamovun anası Son görüşümüzdə dedi ki, mama, gəl qucaqlaşaq, bəlkə bir də görüşmədik... FOTO


Digərləri 02 May 2019 07:00:00 275 0

Şəhid Əlizaman İslamovun anası  Son görüşümüzdə dedi ki, mama, gəl qucaqlaşaq, bəlkə bir də görüşmədik...  FOTO

Atası heç meyitinə də yiyə durmadı

"Gördüm ki, gözündən yaş gəlir..."

Əlizaman Fərrux oğlu İslamov 1997-ci il iyunun 12-də Bakının Zabrat qəsəbəsində anadan olub. O, 2016-cı ilin aprel ayının 2-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 6-da Lənkəran rayonu Cil kəndində dəfn olunub. Dəfn mərasiminə minlərlə yerli sakin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri qatılıb.

Şəhid Əlizaman İslamov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

19 yaşlı şəhid əsgər Əlizaman İslamovun anası Hürnisə Kərimovanın Son.az-a dedikləri:

Onun son kəlmələri heç vaxt qulağımdan getməyəcək

- Əlizaman mənim tək övladım idi. Onu 2015-ci ilin oktyabrında hərbi xidmətə yola saldım. Əvvəlcə Gəncədə xidmət edirdi, 3 aydan sonra isə Naftalana göndərdilər. 2016-cı ilin martın 21-də Novruz bayramında yanına getdim. Bu bizim son görüşümüz oldu. Təxminən 5 saata kimi Əlizamanla qaldım. Deyirdi ki, narazılığı yoxdur, hər şey yaxşıdır. Aprelin 1-dən 2-nə keçən gecə isə cəbhənin Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub şəhidliyə yüksəldi.

Axırıncı görüşümüzdə söhbət zamanı hər dəqiqə deyirdi ki, mama, özündən muğayat ol, məndən nigaran qalma. Şükür Allaha, hər şey yaxşıdır. İnşəAllah sağ-salamat gələcəm, evdə görüşərik. Amma onun məndən ayrılan zaman dediyi sözləri heç yadımdan çıxmır. Mən taksiyə oturdum. Əlizaman isə maşının qapısını təzədən açdı. Sonra qolumdan tutdu. Sonra dartıb çıxartdı bayıra. Dedim ki, Əlizaman, nə olub? Gördüm ki, gözündən yaş gəlir. Dedim, bəlkə səni burda incidən var, amma demirsən? Yenə də dedi ki, yox mama, hər şey yaxşıdır. Bir dənə səndən nigaranam. Qucaqladı məni. Dedi, mama, gəl qucaqlaşaq, bəlkə bir də görüşmədik. Sonra başa düşdüm ki, bəlkə də onda başına nə isə gələcəyini bilirmiş. Onun son kəlmələri heç vaxt qulağımdan getməyəcək...

- Ondan başqa övladım yoxdur, nə qızım, nə oğlum. Hazırda da tək yaşayıram. Yoldaşım isə Əlizaman əsgər getməzdən 10 il əvvəl bizdən ayrılmışdı. Gedib Maştağada başqa qadınla ailə qurmuşdu. Mən özüm isə Zabrat-2 qəsəbəsində qalıram. Əlizaman şəhid olandan sonra cənazəsi gələndə birinci atasına xəbər eləmişdilər. Atası demişdi ki, mənlik deyil, anasına verin. Heç meyitinə də yiyə durmadı. Mən qaldım tək ortada. Sağ olsunlar, Sabunçu Rayon İcra Hakimiyyəti və Lənkəran Rayon İcra Hakimiyyəti kömək elədilər. Uşağın dəfn mərasiminin hamısını onlar təşkil ediblər. Mən istədim Əlizamanı burda Zabratda qəbristanlıqda basdırsınlar. Əmisi rəhmətə getmişdi. Dedilər ki, qohumları harda basdırılıbsa, Əlizamanı da orda basdıraq. Bir əmisi qayıdıb demişdi ki, mənim qardaşımın yanında basdırmayın. Biz burda atamızı basdırarıq. Zabratdakı köhnə qəbristanlıqda yer vermədilər Əlizamana. Bu xəbər mənə çatan vaxtı mən özümdə deyildim. Mənə birtəhər başa saldırlar ki, uşağı basdırmağa orda yer vermirlər. Soruşdular ki, bəs nə edək? Bircə bunu deyə bildim ki, aparın Lənkəranda, Cil kəndində mənim anamın yanında dəfn edin. İndi də Bakı ilə Lənkəran arasında bu yollarda qalmışam. Hər ay 4 dəfə gedib-gəlirəm.


Xəbərə aid fotolar