Kölndə də İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb


Dünya 01 May 2019 23:30:00 292 0

Kölndə də İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

Bu gün Almaniyanın Köln şəhərinin Sollstok rayonunda İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkar edilib. Bununla əlaqədar təhlükəli tapıntıdan 500 metr radiusda sakinlər hakimiyyət orqanları tərəfindən təxliyə edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2500 nəfərə yaxın insan bu fövqəladə vəziyyətlə bağlı öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Minaaxtaranların fəaliyyəti bu rayonda yolların bağlanmasına, həmçinin yerli və beynəlxalq qatarların iş rejiminin pozulmasına gətirib çıxarıb. Ölkədə populyar marşrut olan Köln-Bonn qatarı gün ərzində bağlanılıb.

Məlum olub ki, çəkisi təxminən 200 kiloqram olan bomba Britaniyaya məxsusdur. İkinci Dünya müharibəsinin başa çatmasından onilliklər keçməsinə baxmayaraq, insanlar hələ də Almaniyanın bütün ərazisi boyunca o dövrün bombalarını aşkar edirlər. Təkcə bu il Frankfurt, Rostok, Essen və Nürnberqdə yerləşən evlərin sakinləri analoji tapıntılar səbəbindən təxliyə ediliblər.