BAMF və Cenevrə Mərkəzi Anlaşma Memorandumu imzalayıblar FOTO


Digərləri 01 May 2019 22:22:00 258 0

BAMF və Cenevrə Mərkəzi Anlaşma Memorandumu imzalayıblar  FOTO

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, memorandumu BAMF-ın prezidenti Umud Mirzəyev və Cenevrə Mərkəzinin icraçı direktoru, səfir İdris Cəzairi imzalayıb. Memorandumda tərəflər BMT-nin Cenevrə ofisində (UNOG) dinlərarası əməkdaşlıq və anlaşma, insan hüquqlarının qorunması və təşviqi, sülhün möhkəmləndirilməsi ilə əlaqədar mövzularla bağlı panel müzakirələrin keçirilməsi, dünyada sülhün bərqərar olması ilə bağlı qarşılıqlı fəaliyyətlərin dəstəklənməsi, nəşr edilmiş bəyanat və rəylərin hər iki qurumun idarə etdiyi müvafiq kommunikasiya vasitələrində ictimailəşdirmək haqda qarşılıqlı razılığa gəliblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondu və Cenevrə Mərkəzi həmçinin növbəti təlim proqramlarında nəzərə alınacaq mövzuların birgə müəyyən edilməsi, birgə press-relizlərin yayılması, təlim modullarının və tədris planlarının inkişafına yardım etmək, təlimçi mühazirəçilərin mübadiləsini asanlaşdırmaq, birgə konsepsiya qeydləri hazırlamaq istiqamətində də anlaşıblar. Memorandumda həmçinin Yaxın Şərq və Şimali Afrika, Qafqaz və Mərkəzi Asiya ölkələri çərçivəsində sülhün təşviqi və insan haqqlarının möhkəmləndirilməsi ilə bağlı birgə fəaliyyətlərin görülməsi nəzərdə tutulub. Tərəflər beynəlxalq ekspertlərin bəyanatlarını, məqalələrini, fikirlərini, müsahibələrini və digər müvafiq materiallarını dərc etmək üçün BAMF-ın nəzdində fəaliyyət göstərən 5 dildə dərc olunan "Eurasia Diary" analitik informasiya portalından platforma kimi istifadə etmək barədə qərara gəliblər.

Qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandıqdan sonra səfir İdris Cəzairi, köməkçisi Mustafa Blerim, millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri BAMF-ın ofisində təşkilatın təşəbbüsü ilə həyata keçirilən "Mənim kəndim, mənim vətənim" layihəsi çərçivəsində hazırlanan sərgi ekspoziyası ilə tanış olublar. Sərgidə Azərbaycanın işğal olunmuş və təmas xəttinə yaxın ərazilərində dağıdılmış tarixi-mədəni abidələri, sosial infrasturkturu, güllələnmiş məzarlıqları, xarabalığa döndərilmiş evləri, kəndləri, yaşayış məskənlərini, ekoloji fəlakəti əks etdirən şəkil-posterlər nümayiş etdirilib. Şəkillərin əksəriyyəti BAMF-ın uzun müddətli fəaliyyəti dövründə çəkilmiş və ilk dəfədir ki, nümayiş etdirilib.