Fransada 350 media qurumu polis zorakılığından şikayət edib


Dünya 01 May 2019 21:39:00 196 0

Fransada 350 media qurumu polis zorakılığından şikayət edib

Fransada 350 media qurumu "sarı jiletlər"in nümayişləri zamanı polis zorakılığına məruz qalmaları ilə bağlı yenidən bəyanat yayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bəyanatda müstəqil və ya hər hansı bir media qurumunda çalışan jurnalistlərin, fotoqrafların zorakılığa məruz qaldığı vurğulanır, onların öz peşələrini çox təhlükəli şəraitdə yerinə yetirdikləri bildirilir. Media qurumları məlumatlandırma hüquqlarının və mətbuat azadlığının təmin olunmasını tələb edirlər.

Bildirilir ki, son aylar təhqirlər, hədələrlə üzləşən jurnalistlər nümayişlər zamanı polis tərəfindən niyyətli olaraq hədəfə alınır, çəkiliş aparatlarının yaddaş kartları məcburi şəkildə pozulur. Polisin dəyənəklə onları vurmasından, gözyaşardıcı qazı, eləcə də dağıdıcı qumbaraların və rezin güllələrin onlara tuşlanmasından şikayət edən jurnalistlər peşələrini normal yerinə yetirməyə qəsdən manelərin yaradıldığını qeyd edirlər.

Jurnalistlər onlara məxsus əşyaların polis tərəfindən müsadirə olunmasına da etiraz edirlər. Onlara qarşı göstərilən zorakılıqların nəticələrindən, o cümlədən yaralanma hallarından, psixi travma almalarından, maliyyə itkisinə məruz qalmalarından söz açırlar. Onlar, həmçinin jurnalist kartının verilməsinin də mürəkkəbləşdirildiyini diqqətə çatdırıblar.

Fransanın mətbuat azadlığı sahəsində 32-ci yerdə qərarlaşdığını vurğulayan media qurumları hökumətə mətbuat azadlığının demokratiyanın təməl sütunu olduğunu xatırladıblar.