Avropa İttifaqının ən böyük genişləndirilməsindən 15 il ötür


Dünya 01 May 2019 21:03:00 229 0

Avropa İttifaqının ən böyük genişləndirilməsindən 15 il ötür

2004-cü ildə mayın 1-də yeni qəbul edilən on üzv ölkə ilə Avropa İttifaqı tarixində ən genişmiqyaslı genişlənmə prosesi baş verib. Tarixi aspektdə bir çox siyasətçilər tərəfindən "Big Bang" (Kainatın yaranması haqqında "Böyük partlayış" nəzəriyyəsinə bənzətmə) adlandırılan bu hadisə ilə dünyanın ən böyük daxili bazarının əsası qoyulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 15 il bundan əvvəl Polşa, Çexiya, Slovakiya, Macarıstan, Baltikyanı ölkələr, Sloveniya, Kipr və Maltanın Aİ-yə qəbulu ilə qurumun tarixində sahə və əhalicə ən böyük genişlənmə baş verib. Bu genişlənmə ilə Aİ üzvlərinin sayı 25-ə çatdı.

Qeyd edilməlidir ki, 1990-1996-cı illərdə üzvlük üçün müraciət edən həmin ölkələrlə üzvlüyə qəbul üçün danışıqlar 1998-2002-ci illər arasında aparılmışdır. Aİ-yə qəbul barədə razılaşma sənədi 1997-ci ildə Lüksemburqda imzalandığına görə, bu ölkələrə qısa şəkildə Lüksemburq qrupu deyilirdi. Həmin danışıqlarda iştirak edən Rumıniya və Bolqarıstan isə ədliyyə sistemindəki çatışmazlıqlara görə Aİ-yə 2007-ci ildə qoşuldular.

Yeni üzvlərin qəbulundan əvvəl tərəddüdlər çox olsa da, Aİ-nin genişləndirilməsi Avropa tarixindən ən mühüm addımlardan biri hesab edilir. Bununla yanaşı, yeni üzvlərin hələ heç biri iqtisadi gücünə görə Aİ-nin orta göstəricisinə nail ola bilməyib.