Elza Seyidcahan: "Doğuram, doğuluram və doğdururam"


Şou-biznes 01 May 2019 12:56:00 208 0

Elza Seyidcahan: "Doğuram, doğuluram və doğdururam"

Xəbər verdiyimiz kimi, Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidacahan bir neçə gün əvvəl Heydər Əliyev Sarayında "Sənə bənzər" adlı möhtəşəm solo konsert proqramı ilə çıxış edib.

Bənzərsiz ifalar, möhtəşəm rəqslər və səhnəciklərlə yadda qalan konserti Elza Seyidcahan tanınmış Azərbaycan şairi və filosofu İmadəddin Nəsimiyə ithaf edib.

Son.az bildirir ki, ifaçı konsert təəssüratlarını publika.az-a bölüşüb.

- Elza xanım, konsert təəssüratlarınız necədir?

- Həmişəki kimi, özümü tamaşaçıların həqiqi, səmimi, heyrətamiz, gözəl, möcüzəli sevgi və alqış yağışına qərq olunmuş və yenidən doğulmuş hiss edirəm. Sanki bir simurq quşu kimi səmanın ənginliklərində süzürəm. Səmanın ənginlikləri isə uçmağı bacaranlar üçündür.

- Bu layihə istədiyiniz kimi reallaşdı?

- Tamaşaçılar üçün hazırladığım musiqi ziyafəti istədiyimdən də artıq reallaşdı. Müğənni kimi istədiyimin və planlaşdırdığımın 10 faizi reallaşdı.

- Bildiyim qədərilə konsertin xərclərini özünüz çəkmisiniz və borclarınız qalıb. Sizcə, bu qurbanı etməyə dəyərdimi?

- Bu, həmişə belə olub. Yəqin ki, çox toylara getməliyəm ki, konsertimizin borclarını ödəyə bilim. Konsertdən demirəm. Ona görə ki, konsertdən pul qazanmaq bizdə mümkün deyil. Borclar məni qorxutmur. Əsas odur ki, mən "Sənə bənzər" adlı konserti dövlət başçımızın elan etdiyi "Nəsimi ili"nə ithaf etdim. Bir sənətçi kimi Azərbaycan mədəniyyətinə öz layiqli töhfəmi təqdim etdim.

- Elza Seyidcan yaradıcılığını ölkəmizdə anlayan və ona qiymət verən yetəri qədər tamaşaçı var?

- Əlbəttə ki, var. Hətta deyərdim ki, yetərindən artıqdır. Əsas kəmiyyət deyil, keyfiyyətdir. Sevildiyimi həmişə hiss etmişəm.

- Elza xanım, rəqs qruplarının səhnə tamaşaları xüsusilə yadda qaldı. Rəqqasların xoreoqrafiyası ilə kim məşğul olmuşdu? Səhnəciklərin ssenarisini siz tərtib etmişdiniz?

- Əslində, təklif və ideyalar mənə aiddir. Ssenari peşəkar xoreoqraflarla Emin müəllim, Abid müəllimin rəhbərliyi ilə geniş müzakirədən sonra yazıldı.

- Azərbaycanda nə vaxtsa belə konsert layihəsi olubmu?

- Təvazökarlıqdan uzaq olsa da, belə konsert heç dünyada olmayıb. Azərbaycanda sənəti və konsert layihələrini aşağı səviyyədə təqdim etməsələr bəsimizdir, qaldırmaqlarına ehtiyac yoxdur. Bu məqamda, əlbəttə ki, Azərbaycan musiqisini məhv edib onu unutdurmağa çalışan sənətə təsadüfi gələnləri nəzərdə tuturam.

- Maraqlıdır ki, necə belə fərqli ola bilirsiniz? Bu enerji və ilhamı haradan alırsınız?

- Bu, sizin yeddinci sualınızdır. Məhz belə sual yerinə düşdü. 07.07 tarixində doğulmuşam. 7 rəqəmi müqəddəslik rəmzidir.