Antibiotiklərə davamlı infeksiyalar 2050ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoya bilər


Dünya 01 May 2019 07:48:00 219 0

Antibiotiklərə davamlı infeksiyalar 2050ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoya bilər

Əgər beynəlxalq birlik zəruri tədbirlər görməsə, antibiotiklərə davamlı bakteriyaların törətdiyi infeksiyalar 2050-ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoyacaq, bu xəstəliklərin vurduğu iqtisadi ziyan isə öz miqyasına görə 2008-2009-cu illərin qlobal böhranının nəticələri ilə müqayisə edilə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Antimikrob rezistentliyinə qarşı mübarizə üzrə İdarələrarası Əlaqələndirmə Qrupunun yeni məruzəsində öz əksini tapıb.

Məruzə müəllifləri vurğulayırlar ki, müalicəsi mümkün olmayan xəstəliklərin sayı get-gedə artır, o cümlədən respirator infeksiyaları və sidik sisteminin infeksiyaları bu qrupa aiddir. Məruzədə vurğulanır ki, hazırda dərmana davamlı xəstəliklər üzündən hər il 700 min nəfər dünyasını dəyişir. Onların 230 min nəfəri müxtəlif dərmanlara davamlı vərəmdən ölür.

BMT baş katibinin birinci müavini, əlaqələndirmə qrupunun həmsədri Əminə Məhəmməd deyib: "Antimikrob rezistentliyi qlobal cəmiyyət üçün əsas təhdidlərdən biridir. Bu halın geniş yayılmasını dayandırmaq üçün görülməli zəruri tədbirlərin miqyası bu məruzədə göstərilir".

Məruzə müəllifləri xatırladırlar ki, insanın sağlamlığı heyvanların sağlamlığı, ətraf mühitin vəziyyəti və qida məhsullarının keyfiyyəti ilə ayrılmaz surətdə bağlıdır. Onlar antibiotiklərə dözümlülüyə qarşı mübarizə məsələsinə çoxtərəfli yanaşma təklif edirlər.

Ekspertlər insanların və heyvanların müalicəsi üçün mikrob əleyhinə preparatlar təyin edilməsinə məsuliyyətlə yanaşmağa, habelə bu preparatlardan kənd təsərrüfatında artım stilmulyatorları kimi istifadə etməkdən çəkinməyə çağırırlar.