Bakıda ərini aldadan qadın rəfiqəsini şərlədi, sonda özü həbsə girdi DOSYE


Kriminal 01 May 2019 07:28:00 226 0

Bakıda ərini aldadan qadın rəfiqəsini şərlədi, sonda özü həbsə girdi  DOSYE

Həyat yoldaşının sərvətlərini mənimsəyən qadın özünü təmizə çıxarmaq üçün tanışına böhtan atıb, yekunda isə özü 8 il azadlıqdan məhrum edilib... Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə illərdir davam edən qalmaqallı cinayət işi üzrə məhkəmə araşdırmalarına nöqtə qoyulub. Araşdırmaların sonucunda müttəhimlər kürsüsünə çıxarılmış 3 uşaq anası Səkinə İsmayılova barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış bəraət hökmü qüvvədə saxlanılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, cinayət işinin materialları ilə tanış olduqca, məhkəmə istintaqı haqda mətbuatda yazılan xəbərləri oxuduqca kriminal filmlərə ssenari ola biləcək gedişat göz önünə gəlir. İbtidai istintaq orqanı tərəfindən və həmin dövrün mətbuat yazılarında Səkinə İsmayılova "falçı Səkinə" kimi təqdim olunub. Faktiki isə Səkinə İsmayılova falçı, baxıcı filan deyilmiş, bu adlar ona digər bir cinayətin, gizli sevgi münasibətlərinə xərclənən pulların izini itirməkdən ötrü qoyulubmuş. Cinayət işinin hallarından, Səkinənin danışdıqlarından məlum olur ki, əslində hazırkı ssenari Təyminə Abdullayeva və onunla əlbir olmuş qrup tərəfindən illər öncə hazırlanıb. Məqsəd isə onun ərinə, ərinin biznes ortaqlarına və ərinə etibar etmiş biznesmenlərə məxsus əmlakları müxtəlif yollar ilə ələ  keçirmək və sair hallar olub. Hətta müəyyən olunub ki, T.Abdullayeva və onun ətrafındakıların niyyətlərini həyata keçirmələrinə onların tez ifşa olunmaları mane olub. Ssenari üzrə məntiqi sonluq onun həyat yoldaşının aradan götürülməsi ilə nəticələnməli imiş.

İttihamda nə yazılıb?

İttihama görə, Səkinə İsmayılova etibardan sui-istitadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib. Zərərçəkmiş şəxslərə -  Təyminə Abdullayevaya və onun bacısı qızı Esmira Hüseynovaya xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq edib. Tanışı Təyminə Abdullayevanı aldadaraq, falçılıq fəaliyyəti ilə məşğul olaraq sonuncunun ailəsində olan problemləri aradan qaldıracağını yalandan vəd verib. Bu məqsədlə Təyminə Abdullayevadan ümumilikdə 150 min manatdan artıq pul alıb. 

Məhkəmə araşdırmaları zamanı isə məlum olub ki, T.Abdullayeva özünün əməlləri ifşa olunduqdan sonra əmlakların və pulların mənimsənilmə məqsədlərini gizlətmək üçün Səkinə İsmayılovanı qurban kimi seçib.  Pullar digər şəxslərə - Təyminə Abdullayevanın tanışlarına, bir neçə gənc sevgililərinə, gizli münasibətləri olan şəxslərə verilib. İsmayılovanın guya falçı olması da məhz bu məqamın gizlədilməsi üçün uydurulan versiyanın inandırıcı olmasına xidmət edib. 

Dəmir barmaqlıqlar arxasına aparan tanışlıq...

Səkinə İsmayılova deyib ki, 2015-ci ilin yanvarında metronun "Əhmədli" stansiyasının yaxınlığında yerləşən "Vista" adlanan gözəllik salonunu icarəyə götürüb: "Salona adını sonradan bildiyim Təyminə Abdullayeva ilə bacısı qızı Esmira gəldilər. Beləcə aramızda tanışlıq yarandı. Təyminə də, bacısı qızı da salona gedib gəlirdilər. Salonu bir neçə ay işlətdim, ilk vaxtlar qazancım xərclərə və icarə haqının ödənməsinə çatsa da, sonradan iş zəif oldu. Məcbur olub salonu sahibinə təhvil verdim. Təyminə Abdullayeva və bacısı qızı vaxtaşırı saç və vizaj xidmətlərinə görə evimə gəlirdirlər. Onlarla yaxın münasibət yaranmışdı. Təyminə telefon vasitəsi ilə əlaqə saxlayıb münasibət qurmağa başlamışdı. Təyminə Abdullayevanın danışıqlarından başa düşmüşdüm ki, evlidir, 1 uşağı da var. Bir dəfə də Təyminə söhbət əsasında dedi ki, "İçərişəhər" metro stansiyasının yaxınlığında yerləşən 5 otaqlı evini 400 min manata satır. Müştəri tapmaqda kömək etməyimi istədi. Mən də bu haqda Xəyyam adlı tanışıma dedim. Bir müddət sonra Xəyyam müştəri tapdığını dedi. Mən də Təyminəyə zəng edərək mənzili göstərməsini xahiş etdim. Təyminə bizi Sabirin heykəlinin qarşısına dəvət elədi, ora öz maşını ilə gəlmişdi. Görüşdük, dedi ki, gedək evə baxaq. Öz maşını ilə qabaqda gedirdi, Xəyyam da maşını ilə arxasınca sürürdü. Təyminə maşını işiqforda saxlayanda adının Aqif olduğunu sonradan bildiyim şəxs qəflətən Təyminə Abdullayevanın maşınının qapısını açıb maşına soxuldu. Nə baş verdiyini anlamadıq. Kənardan Təyminə ilə Aqifin mübahisə etmələri aşkar görünürdü. Təyminə Abdullayeva arxa oturacaqda əyləşmiş Aqifin üstünə pullar atdı. Aqif pulları götürüb maşından düşdü. Mənzilə çatandan sonra Təyminə dedi ki, Aqif onun qardaşıdır.  Xəyyam mənzilə baxdı, sonra Xəyyam Qənbər adında müştəri tapdığını dedi. Qənbər mənzilə baxanda isə Təyminədən əri ilə görüşmək istədiyini, mənzili bundan sonra alacağı söylədi. Lakin Təyminə buna etiraz etdi, Qənbər mənzili almadı".

Telefondakı səs yazıları İsmayılovanı böyük şərdən necə xilas etdi?

Səkinə İsmayılova deyir ki, Təyminə ona ərinin işlərinin yaxşı getmədiyini, müəyyən problemləri olduğunu, ərinin adına olan əmlakların bəzi vasitələr ilə onun adından çıxarılaraq satılması üçün pul lazım olduğunu bildirib. Buna görə Təyminə ondan borc pul istəyib: "Dedi 1 aya qaytaracaq. Təyminə söhbət əsnasında həmişə bildirirdi ki, onun işləri yaxşı getsə, narahat olmasın,  ona yaxşı hörmət edəcək, pulunu da mənzilini satanda artıqlaması ilə verəcək. 2015-ci ilin noyabrında Təyminə zəng elədi, dedi ki, mənzili banka girov qoyub pul götürür. Xahiş elədi ki, zamin dayanım, pulu götürsün, bütün borclarını qaytaracaq və mənim də borcumu verəcək. Dedi ki, uzağı 1 aya məni zaminlikdən də çıxaracaq, bankın pulunu da hissə-hissə ödəyəcək. Razılaşdıq, 9 saylı notariat kontoruna getdik. Ora "Faktor Lizinq" MMC-nin əməkdaşı Ruslan Alıyev də gəldi. Ruslana işsiz olduğumu dedim və məni necə zamin qəbul edəcəklərini soruşdum. Dedi ki, bunun elə də əhəmiyyəti yoxdur. Ruslan orada bir neçə sənədi mənə və Təyminəyə imzalatdı. Sonra da banka getdik. Orada yenə də sənədləri bizə imzalatdırdı. Mənə bütün bunların formal olduğunu deyirdilər. Ordan da Xətaidəki  "Faklor Lizinq" MMC-nin ofisinə yollandıq. Ruslan Alıyev Təyminəyə 110 min manat pul verdi, "iyirmi min bizim, yüz on min sizin" dedi. Təyminə pulu alıb çantasına qoydu. Ofisdən çıxandan sonra mənə 10 min manat pul verdi. Mənə bu qədər pulu niyə verdiyini soruşdum. Dedi ki, borcunu götür, qalanını da lazım olanda səndən alacağam. Həmin günlərdə Aqif Babayevi onun yanında tez-tez görürdüm. Əvvəl qardaşı olduğunu demişdi. Sonra bibisi oğlu olduğunu, bir dəfə də tanışı və sürücüsü olduğunu deyirdi". Ismayilova.jpg (140 KB)