Azərbaycanda tibb müəssisələri üçün keyfiyyət standartları tətbiq olunacaq


Digərləri 01 May 2019 07:16:00 215 0

Azərbaycanda tibb müəssisələri üçün keyfiyyət standartları tətbiq olunacaq

Azərbaycanda tibb müəssisələri üçün keyfiyyət standartları tətbiq olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Z.Əliyev xatırladıb ki, 2017-ci ilin yanvarından etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanb: "Pilot layihə ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunun ərazilərini əhatə etmiş, 2018-ci ildən etibarən isə Ağdaş rayonunun ərazisində də tətbiq edilmişdir. Tapşırıqlarınızın icrası məqsədilə pilot layihə çərçivəsində bir sıra mühüm addımlar atılmışdır. Belə ki, əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılmışdır. Tibb müəssisələrinin fəaliyyətində məhsuldarlıq artırılaraq tibbi-iqtisadi rentabellik təmin olunmuşdur. Mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilmiş və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulator-poliklinik gəlişlərin sayı 1,1 milyon olmuş, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil etmişdir. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artmışdır. Bununla yanaşı, icbari tibbi sığortanın tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilib, onlar əlillikdən xilas edilərək öz sağlamlıqlarına qovuşublar".

O bildirib ki, pilot ərazilərdə kəmiyyət göstəricilərinin artması ilə yanaşı, rayon xəstəxanalarında əvvəllər aparılması mümkün olmayan endoprotezləşmə, TUR, laparoskopik cərrahi müdaxilələr və sair mürəkkəb əməliyyatlar həyata keçirilib: "Bu əməliyyatların bilavasitə rayon xəstəxanalarında aparılması əhalinin müasir və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində atdığımız addımlardan biridir. Kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçiləri xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilmişdir. Eyni zamanda, ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülərək Ailə Sağlamlıq Mərkəzləri yaradılmışdır".

Agentlik rəhbəri qeyd edib ki, pilot layihənin ən mühüm nəticələrindən biri də pilot ərazilərdə fəaliyyət göstərən həkimlərin əməkhaqlarının artırılması və nəticə etibarilə onların maddi rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi olub: "Belə ki, həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil etmişdir.

Bunlarla yanaşı, 2018-ci ildə icbari tibbi sığortanın vəsaitlərinə qənaət edilməsi məqsədilə pilot ərazilərdəki xəstəxanaların fəaliyyətində səmərəliliyin təmin edilməsi, idarəetmənin müasirləşdirilməsi və maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində də müvafiq işlər görülmüşdür. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması tam təmin edilmişdir".

O əlavə edib ki, əhalinin münasibətini öyrənmək məqsədilə aparılan sorğularda respondentlərin mütləq əksəriyyəti icbari tibbi sığortanın tətbiq olunmasına dair müsbət fikir bildirib. Mingəçevir şəhəri üzrə bu göstərici 88 faiz, Yevlax rayonu üzrə 79 faiz, Ağdaş rayonu üzrə isə 86 faiz təşkil edib: "Agentlik tərəfindən aparılan təhlillərə və beynəlxalq ekspertlərin rəylərinə əsasən pilot layihənin ikiillik nəticələrinə görə əminliklə demək olar ki, ölkəmiz icbari tibbi sığortanın tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə, zəruri potensial, resurs və imkanlara malikdir.