Gürcüstan əhalisinin sayı 0,2 faiz azalıb


Dünya 01 May 2019 06:30:00 177 0

Gürcüstan əhalisinin sayı 0,2 faiz azalıb

Gürcüstan əhalisinin sayı əvvəlki illərlə müqayisədə 0,2 faiz azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, cari il yanvarın 1-nə Gürcüstan əhalisinin sayı 3 milyon 723 min nəfər təşkil edib. Bu da 2018-ci il yanvarın 1-i ilə müqayisədə 10 min 783 nəfər və ya 0,2 faiz azdır.

Əhalinin 58,7 faizi şəhərlərdə yaşayır. Gürcüstan əhalisinin 20,3 faizini 0-14 yaşlı uşaqlar təşkil edir. Əhalinin 64,9 faizi (15-64 yaş arasında) əmək qabiliyyətlidir. Qalan 14,8 faizi isə 65 yaşdan yuxarı olanlardır.

Gürcüstan əhalisinin bölgələr üzrə bölgüsü isə fərqlidir. Əhalinin 1 milyon 171 min nəfəri paytaxt Tbilisidə, 349 mini Acarıstan Muxtar Respublikasında məskunlaşıb. Quri bölgəsində 109 min, İmeretidə 497 min, Kaxetidə 312 min, Mtsxeta-Mtianetidə 93 min, Raçe-Leçxumi və Kvemo (Aşağı) Svaneti 29 min, Meqrelii-Zemo (Yuxarı) Svaneti 316 min, Samtsxe-Cavaxetiya 154 min, azərbaycanlıların daha çox məskunlaşdıqları Kvemo (Aşağı) Kartlidə 433 min, Şida (daxili) Kartlidə isə 257 min nəfər yaşayır.