Üstünlüyə can atmaqdan imtina, insana nə verir?


Digərləri 30 Apr 2019 21:45:00 196 0

Üstünlüyə can atmaqdan imtina, insana nə verir?

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun, şükürlər olsun ki, bizlərə yaşamaq nemətini nəsib edib! Allahdan istəyimiz budur ki, bizlər bu neməti doğru-dürüst dəyərləndirə bilək. Gözəl bir ayın içərisindəyik. Şəban ayının son günlərini yaşamaqdayıq. Allahdan istəyirik ki, bizə bu qalan günlərdə bəhrə aparmağı, bu ayın içərisində olan imkanlardan istifadə etməyi nəsib etsin.

İnsan bu dünyada iki zəiflik arasındadır

Bizlər bu mübarək aylarda öyrənirik ki, insanın həyatında əsas olan mövzu, mərkəzdə duran mətləb - elə bir hala gəlib çatmaqdır ki, özünü Allahın dərgahında hiss etsin və bu hisslə, bu anlamla yaşasın. Belə ki, insan hər an Allah dərgahında olmasının fərqinə varsa, heç kəsə pislik etməz, heç kəsin haqqını basmaz - ilk növbədə, öz həqiqi maraqlarını da tapdalayıb keçməz. İnsanın həyatında ana xətt budur, qalan hər bir şey təfərrüatdır.

Biz insanlar iki zəifliyin, iki gücsüzlüyün arasında mövcuduq. Dünyaya gəlirik - aciz, gücsüz bir halda oluruq. Allah Təala bizi bu halda yaradır. Bəlli bir yaşdan sonra gücsüzlüyümüz yenə artır, zəifləyirik, qüdrətimiz azalır, yaşlılıq dövrü başlayıb. Bu, sabit bir mərhələdir. Bundan sonra artıq bu dünyada güclənmə olmur.

Bizlər bu iki zəifliyin arasında mövcud oluruq.  Bu iki zəifliyin arasında isə Allah bizə qüvvə, qüdrət, güc verib. İnsan həddi-büluğ yaşından güclənməyə başlayır, arta-arta gedir. Enerji, fiziki qüvvə, şüur, dərk baxımından insan güclənir. Bir vaxta qədər bu davam edir ki, artıq insan rahat oturub-dura bilmir, rahat danışa bilmir, yaddaşı yerində olmur və s. Amma bu iki gücsüzlük dövrü arasında bəlli qüvvətlilik dövrü mövcud olur. İnsan gərək bu dövrün qədrini bilsin, onu dəyərləndirsin.

Bilməliyik ki, bu qüvvətlilik və qüdrətlilik periodunda olduğumuz halda, bu mübarək ayların da imkanlarından rahat istifadə edə bilərik. Misal üçün, oruc tutmaq üçün gərək insanın sağlamlıq imkanları yerində olsun. Adam var ki, deyir sonra tutaram. Sonra artıq alınmayacaq. Əgər insan qüdrətli zamanında bunları təxirə salsa, yaşlandıqda bunları həyata keçirmək daha çətin olacaq. Xüsusən, insanın buraxılmış oruc-namaz borcları olsa, gərək bu, onu ciddi narahat etsin. Sonra etmək iki-üç qat, bəlkə də daha çox çətin olur.

Əminliklə deyə bilərik ki, bizim bu aylardan, bu günlərdən lazımınca istifadə etməkdən daha mühüm heç bir işimiz yoxdur. Dünyanın vəziyyəti bəllidir. Bir kiçik yerdə yanğın olur, illərlə insanların çəkdiyi əziyyətlər yanıb külə dönür. Dünyanın halı budur. Biz bu dünyanın bütün hallarından ibrətlər götürməliyik.

Allah Təala bu insanlara müjdə verir

Bizim həyatımızda düzgün inkişafımıza, təkamülümüzə mane olan mövzulardan biri də budur ki, biz bu dünya həyatında digərlərindən üstünlüyə can atmaq istəyirik. Qurani-Kərimdə Allah Təala bunun ağrılı aqibətləri haqqında məlumatlar verir. "Qəsəs" surəsinin 83-cü ayəsində buyurulur: "Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur".

Allah Təala bizləri mühüm bir mətləbdən xəbərdar edir. Axirətdə bir əzəmətli ev, əzəmətli imarət əldə etmək imkanı var. Bu, maddi bir kontekstdə bir müjdə deyil. Sadəcə bizlərin zaman və məkan kontekstində düşünə bildiyimizə görə, bundan o tərəfini təsəvvürümüzə gətirə bilmirik. Belə başa düşülür ki, axirətdə Allahın xüsusi mərhəmətininin içərisində, Onun yaxşı bəndələri üçün ayırdığı bir yerdə, məkanda bəlli fürsətlərdən bəhrələnmək imkanı var. Bu mükafat o qədər əzəmətlidir ki, Uca Allah tərəfindən xüsusi işarə ilə gəlib. Qarşısında xüsusi işarə gəlib. Təfsirşünaslar bildirirlər ki, bu işarə bir məsələnin böyüklüyünə, əzəmətinə işarədir.

Allah Təala bəyan edir ki, axirətdə o ali evi, məkanı, fürsəti o kəslər üçün qərar verib ki, bu dünyada, yer üzündə digərlərindən uca olmağa, artıq olmağa can atmasın və fəsada can atmasın. Başa düşülür ki, hansı formada olursa-olsun, insan hər hansı cəhətinə görə digərlərindən üstünlüyə can atarsa - özünü məhv etmiş olar. Axirətdə ən ali ev, əzəmətli saray o kəslər üçün qərar verilib ki, dünyada üstünlüyə can atmırlar.

Nədə üstünlüyə can atmaq olar?

Ümumilikdə üstünlüyə can atmaq, ucalmaq istəmək yaxşıdır, amma bir şərtlə ki, bu, digərlərindən yüksəlmək niyyəti ilə deyil, axirət üçün, aqibət hədəfi üçün olsun. Bu dünyada insanlar bir-biri ilə rəqabətə girə, bir-birindən üstün, artıq olmaq istəsə, buna dinimiz müsbət baxmır. Təəssüflər olsun ki, bağça, məktəb, universitet, təlim-tərbiyə sistemləri, televiziya, radio, mühit insana bunun əksini öyrədir, kiçikdən-böyüyədək bunların diametral zidd anlayışlarını aşılayır. Uşaqlarla davranışlar bununla bağlıdır - mənim uşağım onun uşağından üstün olsun, mənim evim onun evindən üstün olsun, mənim telefonum onun telefonundan daha yeni marka olsun və s.

Müqayisəli, rəqabət müstəvisində üstünlüyə can atma insanı yalnız zəlalətə aparır. Bu da dünyanın və yaşın vəziyyətinə görə mərhələlərdən keçir. Biricini mərhələ - oyun mərhələsi, ikinci mərhələ - əyləncə mərhələsi, növbəti mərhələ - zinətə, qlamurlaşmaya can atma mərhələsi, sonrakı mərhələ - öyünməyə can atma mərhələsidir.

Cavanlıq yavaş-yavaş orta yaşa çatdıqda, bu, xüsusilə özünü göstərmiş olur. İnsanın  bu yaşdan öyünmə mərhələsi başlayır. Daha sonra oyun, əyləncə, zinətə can atma, öyünmə bitir, artıq yığmaq, toplamaq, sərvəti artırmaq mərhələsi başlayır. Nəhayət etibarilə biz göstərilən ayədə bu mərhələlərin - öyünmə, üstünlüyə can atma mərhələsinin xəbərdarlığını görürük. İnsanlar artıq ən elementar seçimlərini belə, müqayisəvi şəkildə edir. Bağçaya, məktəbə uşaq qoyanda da belə, məktəbi elə seçir ki, onun uşağı daha üstün bir məktəbdə oxumuş olsun.

Bu amil demək olar ki, həyatımızı başdan-ayağa bürüyüb. Biz deyə bilərik ki, bəzən yaxşı əməllər də bu cür olur. Biz ola bilər ki, eyni üzümdən istehsal olunan hər halal, həm də haram məhsul alaq. Bir üzümdən halal məhsullar da çıxa bilər, haram məhsullar da çıxa bilər. Zahirən eynilikləri də ola bilər, amma biri halaldır, biri isə haramdır. Yəni, ona görə biz bu mövzuda vəsvəsə etməməliyik. Bəzi şeylər var ki, insan Allaha bəndəlik üçün, Allahın razılığını əldə etmək üçün daha çox etməyə çalışır - bu, gözəldir. Amma, diqqətli olmalıyıq ki, biz bu mövzuda yanlış tərəfə getməyək.

Rəbbimiz bu dünya üçün üstünlüyə canatmanı birmənalı yasaq edir

Ayədən anlaşılan təfsiri nöqtələrdən biri budur ki, axirət evi çox əzəmətlidir. Ona görə də məhz xüsusi işarə ilə bu mövzu vurğulanır. O qədər əzəməti, böyüklüyü var ki,  Allah Təala onu xüsusi olaraq vurğulayır.