Problemli kredit sahiblərinə yeni xəbər:


Digərləri 30 Apr 2019 11:56:58 240 0

Problemli kredit sahiblərinə yeni xəbər:

Sabahdan etibarən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar, onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər.

"Azərpoçt" MMC-dən Son.az-a verilən məlumata görə, kompensasiya kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim ediləcək.

Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən "Azərpoçt" MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər.

Bu gün artıq 9 gündür ki, problemli kredit sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb. Belə ki, son 8 gün ərzində 43 min 350 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb. Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri 7 gün ərzində "Azərpoçt" MMC-dən 11 milyon 347 min 668 manat vəsaiti nağd formada alıb.

Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır. Qeyd edək ki, yalnız Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt" MMC-yə müraciət etməlidirlər. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləğı nağd və nağdsız formalarda olmaqla "Azərpoçt" MMC-dən ala biləcəklər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt" MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın nəfərə şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar "Azərpoçt" MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb. "Azərpoçt" MMC-nin rəsmi internet səhifəsində azerpost.az-da "Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat" bölməsindən də kompensasiyasını nağd və kart vasitəsilə alacaq vətəndaşlarla bağlı bütün məlumatlar yerləşdirilib.

Vətəndaş "Azərpoçt"un saytı vasitəsilə məlumatları qeyd edərkən, onun kredit məbləğı, kredit aldığı bank və ya BOKT, ona düşən kompensasiya haqda ətraflı məlumat ala bilir. Eyni zamanda onun kartını ala biləcəyi şöbə və ünvanı həmin məlumatlar arasında qeyd olunub. Daha sonra vətəndaş orda göstərilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi və onun surəti ilə yaxınlaşıb, zəruri sənədlərə imza atır. Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatlarin üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.