Sabahdan uşaqların I sinfə qəbul üçün məktəb seçiminə start verilir


Digərləri 30 Apr 2019 11:05:00 206 0

Sabahdan uşaqların I sinfə qəbul üçün məktəb seçiminə start verilir

Mayın 1-dən ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbul üçün məktəb seçiminə start verilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, bunun üçün valideyn və ya qanuni nümayəndə şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimini etdikdən sonra müvafiq sənədləri məktəbə təqdim edə bilərlər.

Tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib.

Tədris digər dildə aparılan bölmə üzrə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibənin nəticəsindən narazı qalan vətəndaşların müraciətlərinin cavablandırılması üçün aprelin 15-dən Apelyasiya komissiyası fəaliyyət göstərir. Müraciətləri qeydə alınmış vətəndaşlara cavab verilməsi üçün Apelyasiya komissiyasının fəaliyyəti mayın 1-dək davam edəcək.