Çempionlar Liqasında yarımfinal mərhələsinə İngiltərədə start verilir


İdman 30 Apr 2019 09:43:00 290 0

Çempionlar Liqasında yarımfinal mərhələsinə İngiltərədə start verilir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Goal.az-ın məlumatına görə, ilk qarşılaşma İngiltərənin paytaxtı Londonda olacaq. Tottenham doğma meydanda Hollandiya Ajax-ının müqavimətini qırmağa çalışacaq.

Londonlular 1/4 finalda İngiltərənin digər təmsilçisi Manchester City-ni, Ajax isə İtaliyanın Juventus kollektivini mübarizədən kənarlaşdırıb.

Meydan sahibləri bu görüşdə bəzi aparıcı futbolçularının xidmətindən yararlana bilməyəcək. Serj Orye, Mussa Sissoko və Harri Keyn zədə səbəbindən meydana çıxmayacaq. Son Xın Mın isə cəzalı olduğu üçün bu matçı buraxacaq. Harri Vinks və Erik Lamelanın isə durumuna oyun vaxtı aydınlıq gələcək.

Qonaqlarda isə üç futbolçunun oynamayacağı dəqiqdir. Karel Eytinq, Hassan Bande və Vatslav Çerni zədəlidir. Nussair Mazrauinin isə matçda iştirakı sual altındadır. Komandalar arasındakı cavab oyunu mayın 8-də olacaq.

Qeyd edək ki, yarımfinalın digər oyunu mayın 1-də keçiriləcək. Barcelona İspaniyada İngiltərə Liverpool-unu qəbul edəcək.

Çempionlar Liqası

Yarımfinal, ilk oyun

30 aprel

23:00. Tottenham (İngiltərə) – Ajax (Hollandiya)

Baş hakim: Antonio Mateo Laos (İspaniya)

London. “Tottenhem” stadionu