Oruc tutanlar qidalanarkən nələrə diqqət etməlidir?


Digərləri 29 Apr 2019 22:45:00 244 0

Oruc tutanlar qidalanarkən nələrə diqqət etməlidir?

Qarşıdan bütün dünya müsəlmanları üçün müqəddəs olan Ramazan ayı gəlir.

Bakı. Qarşıdan bütün dünya müsəlmanları üçün müqəddəs olan Ramazan ayı gəlir. Trend-in məlumatına görə, Azərbaycanda bu il Ramazan ayının ilk günü Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən mayın 6-na təsadüf edir. Oruc tutan şəxsin qidalanma rejimi adi günlərdə qidalanmadan tam fərqlənir. Buna görə də oruc tutmağı asanlaşdırmaq üçün bir müddət əvvəldən bədəni buna hazırlamaq lazımdır. Gün ərzində qəbul edilən qidanın kalorisini azaltmaq və rejimlə qidalanmağa çalışmaq oruc tutmazdan əvvəl bədəninizin yeni qidalanma rejiminə uyğunlaşmasını asanlaşdıracaq. Əksər insanlar imsak zamanı yeməkdən imtina edirlər. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan qoruyar. İmsakadan yarım saat öncə iki stəkan su içilməsi məsləhətdir. İmsakda daha çox enerjili qidalara üstünlük vermək lazımdır. Lifli qidaların qəbulu qandakı şəkəri tənzimləyir. Bal və mürəbbə isə məsləhət deyil. Çünki qandakı şəkəri ani sürətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. İmsakda süd, şit pendir, qaymaq və digər ağartı məhsulları, yumurta, şorba, tərəvəz, yarma plovu kimi yeməklər yeyilə bilər. Yeməklərlə birlikdə təzə meyvə və ya qoz, badam kimi quru qidaların qəbul edilməsi enerji və mineral baxımından dəstəkləyici ola bilər. Ümumiyyətlə, bədəndə su saxlayan qidalara daha çox üstünlük vermək lazımdır. Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içməyin, bitki çaylarına, az şəkərli kompotlara üstünlük verin. Əgər səhər düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq. Orucu ilıq su ilə açmaq lazımdır. İlıq su ilə mədə yumşalmalıdır ki, qidanı qəbul etməyə hazır olsun. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Təbii ki, əvvəlcə ən yüngül qidaların, yəni meyvə-tərəvəzin qəbulu daha yaxşı olar.