Bakı ətrafı bu ərazilərdə yeni yollar çəkilir


Digərləri 29 Apr 2019 19:49:00 208 0

Bakı ətrafı bu ərazilərdə yeni yollar çəkilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonu, Qala-Pirallahı avtomobil yolundan ayrılan Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin "Qoşa Qışlaq" yaşayış massivinin yollarının yenidən qurulması işləri aparılır.

Agentlikdən Son.az-a verilən məlumata görə, 2 km uzunluğunda olan Gürgən qəsəbəsinin və 1.5 km uzunluğa malik "Qoşa Qışlaq" yaşayış massivinin yolları 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Sözügedən yollar uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğu və əksər hissələrinin torpaq əsaslı olduğu üçün payız-qış aylarında hərəkətdə problemlərə səbəb olurdu.

Layihə çərçivəsində bu problemlərin aradan qaldırılması üçün yollar boyu köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib.

Torpaq yatağının tikintisi işlərinin ardınca əsasın inşası işlərinə başlanılıb. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa edilir.

Yol əsası hazır olan hissələrə hazırda əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışıqlarından yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Asfaltlanma işləri Gügən qəsəbəsinin yollarının 14 min kv.m-lik ərazisini əhatə edir.