Vidadi Muradov: "Xalçaçılıq sənətində heç bir ölkə Azərbaycana rəqib ola bilməz"


Siyasət 29 Apr 2019 18:07:00 246 0

Vidadi Muradov: "Xalçaçılıq sənətində heç bir ölkə Azərbaycana rəqib ola bilməz"

Xalçaçılıq xalqımızın əsrlər boyu yaşatdığı milli sərvəti, milli sənətidir. Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi önəm verir. İlk növbədə, dövlət başçımızın sərəncamları ilə Bakıda müasir Xalça Muzeyi inşa edilib, paytaxtda və bölgələrdə xalça fabrikləri tikilib. Bütün bunlar həm xalçaçılıq sənətini yaşadır, həm də yeni iş yerləri açılır. Xalça istehsalının artması həm də milli sənət nümunələrimizin xarici ölkələrdə satışı və ölkəmizin gəlir əldə etməsi deməkdir.

Son.az xəbər verir ki, "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib ki, bu gün xalçaçılıq sənəti ilə məşğul olan dövlətlərdə Azərbaycan qədər xalçaya önəm verən bir ölkə yoxdur: "Bütün bunlar Prezident İlham Əliyevin sayəsində oldu. Cənab Prezident xalçaçılığa diqqət göstərməsəydi, bu qədər dövlət vəsaiti xalçaçılıq sahəsinə yatırılmasaydı, bu gün bu nəticələr əldə olunmazdı".

V.Muradov qeyd edib ki, xalçaçılıq sənətində heç bir ölkə Azərbaycana rəqib ola bilməz:

"Ona görə ki, bu gün qurduğumuz iş cənab Prezidentin tapşırığı, bizim işlədiyimiz sahə elədir ki, biz bu sahədə dünyada lider olmaq istəyirik. Xalçamızın adı, muzeydə olan xalçalarımız onsuz da dünyada liderdir. Amma istəyirik ki, yeni istehsal etdiyimiz xalçalar dünyada lider olsun - həm qiymət baxımından, həm də gözəllik və ölçü baxımından".

"Azərcalça" ASC-nin Qobu filialının direktoru Rəfiqə Bəşirova isə deyib: "150 nəfərlik iş yerimiz var. Bura gələn gənclərə də xalçaçılıq sənətinin sirlərini öyrədirik. Cənab Prezidentimizə təşəkkür edirik ki, bizim üçün belə gözəl, işıqlı iş yeri açıb. Gələcək nəsillərə ötürmək üçün qədim sənətimizdən olan xalçaçılıq sənətini yaşadırıq".

Xalçaçı Minarə Mirağayeva: "Sex açılandan bəri cavan kadrlar, gənc qızlar, qadınlar gəlib. Onlara da öyrətmişik. Hazırda da buradadırlar, işləyirlər. Möhtərəm Prezidentimizə böyük minnətdarlığımızı bildirirəm ki, belə gözəl şərait yaradıb".

Xalçaçı Şəfəq Heydərova: "Ölkə rəhbərliyinə təşəkkür edirik ki, bizim üçün belə iş yeri açıb. Biz də gəlib həm sevə-sevə işləyirik, həm də baxıb zövq alırıq".